Saxta sənəd anlayışı gündəlik həyatda tez-tez istifadə olunsa da, hər saxta sənəd faktı avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Qanunvericilikdə sənədin növü, onun hansı məqsədlə saxtalaşdırılması və ya istifadə edilməsi məsuliyyətin müəyyənləşdirilməsində əsas meyarlardan biri hesab olunur.
Saxta sənədlərin hazırlanması və onlardan istifadə qanunvericilik baxımından hansı hallarda cinayət məsuliyyəti yaradır? Bu əməllərə görə nəzərdə tutulan cəzalar nə dərəcədə adekvatdır və mövcud hüquqi mexanizmlər saxta sənəd dövriyyəsinin qarşısını almaq üçün kifayət edirmi?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz hazırlanması və ya satılması, habelə bilə-bilə saxta sənəddən istifadə edilməsi cinayət məsuliyyəti yaradır.
Onun sözlərinə görə, cinayət məsuliyyətinin yaranması üçün sənədin hüquqi əhəmiyyət daşıması və saxtalaşdırma və ya istifadə əməlində qanunda nəzərdə tutulan subyektiv əlamətlərin, o cümlədən müvafiq hallarda şəxsin sənədin saxta olduğunu bilməsinin müəyyən edilməsi zəruridir:
“Saxta sənəddən istifadə etməklə başqa cinayət törədildikdə isə əməl işin hallarından asılı olaraq digər cinayət tərkibləri ilə yanaşı tövsif oluna bilər.
320-ci maddə üzrə nəzərdə tutulan cəzalar cərimə, islah işləri, ictimai işlər və müəyyən hallarda azadlıqdan məhrumetmə kimi alternativ sanksiyaları əhatə edir. Bu yanaşma əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun fərdi cəza təyin edilməsinə imkan verir.
Mövcud hüquqi mexanizmlər saxta sənədlərin hazırlanması və istifadəsini cinayət-hüquqi baxımdan əhatə etsə də, effektiv mübarizə yalnız cəza tədbirləri ilə məhdudlaşmamalıdır.
Elektron sənəd dövriyyəsinin, dövlət reyestrləri üzrə avtomatlaşdırılmış yoxlamaların və sənədlərin autentikliyinin rəqəmsal təsdiqi mexanizmlərinin genişləndirilməsi saxta sənəd dövriyyəsinin qarşısının alınmasında mühüm preventiv vasitələrdir”, - deyə Elnur Məmmədov fikrini tamamlayıb.
















