İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kənd tam orta ümumtəhsil məktəbində pedoqoji heyət vahid geyim formasına keçib.
Bu barədə məktəbdən məlumat verilib.
Qeyd edək ki, 15 sentyabr 2026-cı il tarixində Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbində 33 ildən sonra ilk dəfə “Bilik Günü” tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Zamiq Həmzəyev tədbiri giriş sözü ilə açaraq şəhid ailələrini, pedaqoji kollektivi, şagirdləri və qonaqları salamlayıb, yeni tədris ilinin başlanması münasibətilə hər kəsə uğurlar arzulayıb. Direktor çıxışında 33 ildən sonra Horovluda ilk dəfə “Bilik Günü”nün qeyd olunmasının tarixi əhəmiyyətini vurğulayıb, şəhidlərə rəhmət, qazilərə can sağlığı, Ali Baş Komandana uğurlar diləyib.
Daha sonra şəhid ailələri və qonaqlar çıxış edərək müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində şagirdlər şeirlər söyləyib, rəqslərlə çıxış ediblər. Sonda şagirdlər sinif otaqlarına daxil olaraq yeni tədris ilinə başlayıblar.
Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kənd tam orta ümumtəhsil məktəbi işğaldan azad olunmuş ərazidəki genişmiqyaslı bərpa işləri çərçivəsində inşa edilib və 1 dekabr 2025-ci il tarixində 32 illik fasilədən sonra qapılarını rəsmən şagirdlərin üzünə açıb.
Məktəb binası müasir standartlara uyğun şəkildə tikilib və 624 şagird yerlik tutuma malikdir.
Fəaliyyətə başladığı ilk günlərdə məktəbdə 103 şagird təhsil almağa başlayıb.
Təhsil müəssisəsinin 20-yə yaxın müəllimi əsasən kəndin öz sakinləridir.
Horovlu kəndinə indiyədək ümumilikdə 150-dən çox ailə, yəni 600 nəfərdən çox sakin köçürülüb.modern.az

















