Qonşunun toyu, bizim kreditimiz...
Əgər bir insanın gündəlik qərarlarına diqqətlə nəzər salsaq, dəhşətli bir həqiqətlə qarşılaşarıq: biz aldığımız paltardan tutmuş, övladımıza etdiyimiz toya, sürdüyümüz maşına və getdiyimiz istirahətə qədər hər şeyi özümüz istədiyimiz üçün yox, "qonşudan geri qalmamaq" üçün edirik. Bu gizli rəqabət instinkti bizi daxildən gəmirir və həyatımızı böyük bir boşluğa sürükləyir.
1xeber.media xəbər verir ki,psixoloqlar bu vəziyyəti sosial müqayisə xəstəliyi adlandırırlar. Biz öz reallığımızı başqalarının vizit kartı ilə müqayisə edirik. Məsələn, qonşu uşağını xaricdə oxudur? Biz də birtəhər borc-xərc edib öz uşağımızı göndərməliyik – uşağın potensialı və ya istəyi olmasa belə. Qonşu evini bahalı divar kağızları ilə bəzəyib? Biz ondan geri qala bilmərik, dərhal bankdan istehlak krediti götürüb ustanın qapısını döyməliyik. Nəticədə nə baş verir? Qonşunun vizual olaraq nümayiş etdiyi həyata çatmaq üçün illərlə borc ödəyir, stress yaşayır və ən acınacaqlısı – o bahalı mebellərin üstündə əsəb böhranı keçiririk. Biz başqalarının rəyini özümüzə rəhbər tutduqca fərdi azadlığımızı və orijinallığımızı itiririk.
Bu yarışın müasir dövrdə ən böyük alovlandırıcısı isə sosial şəbəkələrdir (Instagram, TikTok). İnsanlar bəzəkli filterlər arxasında hamının mükəmməl yaşadığı illüziyasını yaradırlar. Biz də bu illüziyaya aldanaraq öz sakit, səmimi, bəlkə də daha xoşbəxt olan sadə həyatımızı bəyənməməyə başlayırıq. Unuduruq ki, qonşunun həyat vitrini parıldaya bilər, amma onun içəridə hansı qaranlıq otaqları olduğunu heç vaxt bilmirik. Ömrü başqalarının gözündə "mükəmməl" görünmək üçün xərcləmək, onu birbaşa zibil qabına atmaq deməkdir.Çünki finalda heç bir qonşu sizin boşa keçən illərinizin bədəlini ödəməyəcək.
Aidə Tofiqqızı
















