Müasir dünyada, xüsusilə də sürətli şəhər həyatında "sağlam qidalanırıq" demək, təəssüf ki, çox çətindir. Gündəlik qida rasionumuza diqqət yetirdikdə bəzən orqanizmimizə xeyirdən çox zərər vurduğumuzu fərq edirik.Hər birimiz uzun və sağlam yaşamaq istəyirik, amma süfrəmizə qoyduğumuz qidalara baxanda bu istəyimiz sadəcə xoş bir arzu olaraq qalır. Market rəflərindəki rəngbərəng qablaşdırmalar, reklam edilən 'orqanik' etiketləri və metroların çıxışındakı dönər qoxuları... Biz həqiqətənmi sağlam bəslənirik, yoxsa sadəcə mədəmizi kimyəvi maddələrlə doldurmaqla məşğulur? Bu gün biz qida zəncirimizin görünməyən tərəflərinə — süfrəmizdəki gizli təhlükələrə nəzər salacağıq.
Mədəmizi doydururuq, bəs hüceyrələrimizi?"
Müasir insanın ən böyük paradokslarından biri budur: Tarixin heç bir dönəmində indiki qədər qida bolluğu və müxtəlifliyi olmayıb, lakin eyni zamanda heç bir dövrdə qidalanma qaynaqlı xəstəliklər (şəkər, piylənmə, xərçəng, ürək-damar problemləri) bu qədər gəncləşməyib. Deməli, problem qida tapmaqda deyil, nəyi və necə yeməyimizdədir.
İş qrafikinin sıxlığı, vaxt qıtlığı bizi sürətli qidalanma (fast-food) şəbəkələrinin daimi müştərisinə çevirib. Gündəlik rasionumuzda trans yağlar, rafinə edilmiş şəkərlər, geni dəyişdirilmiş (GMO) məhsullar və rəngləndiricilər baş köşədə oturur. Marketdən aldığımız və üzərində "100% təbii" yazılan şirələrin tərkibi kimyəvi laboratoriya hesabatını xatırladır. Çörəkdən tutmuş qatığa qədər hər bir qidanın saxlama müddətini uzatmaq üçün istifadə olunan qatqı maddələri bədənimizin təbii balansını alt-üst edir. Biz əslində ac qaldıqca mədəmizi doldururuq, amma bədənimizin ehtiyacı olan vitamin və mineralları ala bilmədiyimiz üçün hüceyrə səviyyəsində "ac" qalırıq.
Digər tərəfdən, qida təhlükəsizliyinə nəzarət edən qurumların (məsələn, AQTA-nın) laboratoriya yoxlamalarında demək olar ki, hər həftə tonlarla zəhərli yağlar, saxta ət məhsulları və vaxtı keçmiş qidalar aşkar edilir. Bu isə o deməkdir ki, biz hətta evimizdə yemək bişirərkən belə, bazardan aldığımız tərəvəzin tərkibindəki pestisidlərdən (kimyəvi dərmanlardan) tam əmin ola bilmirik. Sağlam qidalanmaq artıq sadəcə bir seçim deyil, müasir dünyada sağlam qalmaq üçün aparılan böyük bir mübarizəyə çevrilib.
Aidə Tofiqqızı















