Son illərdə Azərbaycan qeyri-neft sənayesinin şaxələndirilməsi, modernləşdirilməsi və
milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü
islahatlar həyata keçirir. Neft-qaz sektorundan asılılığın minimuma endirilməsi və davamlı
iqtisadi artımın təmin olunmasında ağır sənaye, xüsusilə də dağ-mədən və metallurgiya
sektoru mühüm hərəkətverici qüvvəyə çevrilməkdədir. Ölkənin zəngin təbii resurs potensialı,
müasir texnologiyaların tətbiqi və sənaye zonasında yaradılan əlverişli investisiya mühiti bu
sahənin keyfiyyətcə yeni müstəviyə çıxarılmasını vacib şərt kimi irəli sürür. Məhz bu
kontekstdə, dövlətin uzunmüddətli inkişaf strategiyasında dağ-mədən və metallurgiya
kompleksinin yerinin dəqiqləşdirilməsi və bu istiqamətdə sistemli fəaliyyət proqramlarının
icrası xüsusi aktuallıq kəsb edir. Məhz bu zərurətdən irəli gələrək Prezident İlham Əliyevin
sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr
olunmuş müşavirə keçirilib. Müşavirə bir sıra mühüm strateji, iqtisadi və regional məsələləri
əhatə edib. Neft və qaz resursları ilə yanaşı, metal və filiz ehtiyatlarının tam zəncir üzrə emal
olunması, əlavə dəyər yaradan son məhsulun istehsalı və xarici bazarlara çıxarılması ölkəyə
valyuta daxilolmalarını artırmaq baxımından müstəsna əhəmiyyət daşıyır.
Müşavirədə dövlətimizin başçısı proqramın qarşıya qoyduğu hədəflərə və onun icra
müddətinə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, Dağ-mədən və metallurgiya
sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində – 2027–2030-cu illərdə tam icra
edilməlidir. Dövlət başçısı, həmçinin vurğulayıb ki, qəbul ediləcək yeni proqram yalnız
sənayenin inkişafını deyil, regionların sosial-iqtisadi inkişafına dair gündəliyi də özündə əks
etdirəcək.
Keçirilən bu müşavirə və qarşıya qoyulan konkret tapşırıqlar bir sıra mühüm strateji,
iqtisadi və regional zərurətlərdən irəli gəlir. İlk növbədə, sənayenin şaxələndirilməsi və qeyri-
neft ixracının artırılması əsas hədəflərdəndir. Həmçinin, azad edilmiş ərazilərin iqtisadi
dövriyyəyə cəlb olunması məsələsi də bu sahənin inkişafını şərtləndirən mühüm amillərdəndir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin dağ-mədən və metal yataqlarına (qızıl,
mis, mərmər, polimetal və s.) sahibdir. Bu resursların geoloji kəşfiyyatı, səmərəli və ekoloji
standartlara uyğun istismarı üzrə vahid Dövlət Proqramının icrası həmin ərazilərin tezliklə
bərpasına və ölkə iqtisadiyyatına inteqrasiyasına xidmət edir. Eyni zamanda, milli istehsalın
qorunması və idxaldan asılılığın azaldılması dövlətin diqqət mərkəzindədir. Tikinti,
maşınqayırma və infrastruktur layihələrində istifadə olunan metallurgiya məhsullarının yerli
istehsal hesabına təmin edilməsi daxili bazarın sabitliyini artırır və xarici asılılığı aradan
qaldırır. Bununla yanaşı, sahəyə investisiya cəlbediciliyinin artırılması və müasir
texnologiyaların tətbiqi də vacib şərtdir. Dağ-mədən sektoruna xarici və yerli investisiyaların
cəlb edilməsi, ekoloji cəhətdən təmiz (“yaşıl”) və qabaqcıl texnologiyaların tətbiqi üçün dövlət
səviyyəsində vahid tənzimləmə və təşviq mexanizminin yaradılması tələb olunur.
Metallurgiya və mədənçilik müəssisələrinin genişləndirilməsi bölgələrdə minlərlə
ixtisaslı kadrın yüksək əməkhaqqı ilə təmin olunmasına birbaşa təkan verir. Bu baxımdan
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə sahənin mövcud vəziyyətini
qiymətləndirmək, maneələri aradan qaldırmaq və Dövlət Proqramı çərçivəsində aidiyyəti
qurumlar qarşısında konkret tapşırıqlar qoymaq məqsədi daşıyır. Dövlətin maliyyə zəmanəti
verdiyi bu nəhəng layihə, eyni zamanda yerli və xarici investorlar üçün açıq elan edilməklə
ölkənin biznes mühitinə yeni nəfəs gətirəcək. Proqramın icrası ölkədə dayanıqlı və
rəqabətqabiliyyətli ağır sənaye sahəsinin formalaşmasını təmin edəcək. Bu addım ən azı 5
min yeni iş yerinin yaradılmasına şərait yaradacaq, azad edilmiş Qarabağ və Şərqi
Zəngəzurun resurslarını iqtisadi dövriyyəyə cəlb etməklə həmin ərazilərdə məşğulluğu və
məskunlaşmanı sürətləndirəcək. İqtisadi dividendlərə gəlincə, dövlət büdcəsinə böyük həcmdə
vergi daxilolmaları, qeyri-neft sektoru üzrə güclü ixrac potensialı və illik 1 milyard manatdan
çox müsbət maliyyə effekti proqnozlaşdırılır. Bütün bunlar milyardlarla manat dəyərindəki
strateji layihələrin Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafına verəcəyi müstəsna
töhfəni bir daha təsdiqləyir.
Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar

















