27 sentyabr – Anım Günü ilə əlaqədar şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova da danışıb.
Ofelya Salmanova Polad Həşimovun şəhidliyindən sonra Vətən müharibəsində döyüşən hərbçilərin onun adını və xatirəsini yaşatdığını vurğulayıb.
“Hər şey Sizdən başladı, cənab General”, – deyə o qeyd edib.
Ofelya Salmanova bildirib ki, Vətən müharibəsinin ilk günlərində Azərbaycanın qeyrətli oğulları Polad Həşimovun adını tutaraq döyüşə atılıblar:
“O gecə Vətənin qeyrətli oğulları Sizin adınızı tutaraq önə atıldılar. İşğal altında inildəyən torpaqlarımızın azad edilməsi uğrunda döyüşə və özlərinə böyük qardaş bildikləri Sizin intiqamınızı almağa hazır olduqlarını bildirdilər”.
O, Azərbaycan əsgərlərinin torpaqların işğaldan azad olunması ilə Vətənə sevgilərini və şəhid generalın xatirəsinə sədaqətlərini əməlləri ilə sübut etdiklərini bildirib.
“Onlar Vətən torpaqlarını işğaldan azad edərək Vətənə olan sonsuz sevgilərini, Sizə olan qardaşlıq sədaqətlərini əməlləri ilə sübut etdilər”, – deyə şəhid generalın xanımı vurğulayıb.
Şəhidlərin xatirəsini ehtiramla yad edən Ofelya Salmanova onların qəhrəmanlığının xalqın yaddaşında əbədi yaşayacağını qeyd edib:
“Bu müqəddəs yolda canından keçən bütün şəhidlərimizi sonsuz ehtiram və dərin hüznlə yad edirik. Onların əziz xatirəsi heç vaxt unudulmayacaq. Əziz şəhidlərimizin müqəddəs adı və qəhrəmanlığı dünya durduqca xalqımızın yaddaşında əbədi yaşayacaqdır”.
Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
















