Vətən Müharibəsi Qəhrəmanı adını daşımaq mənim üçün böyük fəxr olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Çünki bu ad mənə hər gün xatırladır ki, Vətən qarşısında xidmət heç vaxt bitmir. Döyüş meydanında silahla yerinə yetirilən xidmət sonradan dövlətə, cəmiyyətə və gənc nəslə nümunə olmaq məsuliyyəti ilə davam edir.
1xeber.media xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Vətən Müharibəsi Qəhrəmanı, Suqovuşanın, Ağdamın və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunmuş, Müdafiə Sənayesi Nazirliyinin baş məsləhətçisi Qəzənfər Ağayev deyib.
"Bu gün Qələbəni qorumaq, güclü dövlətimizi daha da inkişaf etdirmək, gənc nəslin dövlətçilik ruhunda yetişməsinə nail olmaq hər birimizin vəzifəsidir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır. Bu gün partiyanın sıralarında vətənpərvər gənclərin fəal iştirakı olduqca önəmlidir. Onlar Azərbaycanın gələcəyinə inanır, dövlətçilik ənənələrinə sadiqdir və ölkəmizin inkişafında öz məsuliyyətini dərk edirlər. Yeni Azərbaycan Partiyasının sıralarında olmaq Azərbaycanın müstəqil inkişaf yoluna, Ulu Öndərin siyasi irsinə və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa bağlılığın ifadəsidir",- deyə Vətən Müharibəsi Qəhrəmanı bildirib.

















