Azərbaycanda pul bazasının həcmində yenidən artım qeydə alınıb və bu göstərici maliyyə sektorunun diqqət mərkəzindədir. Oktyabrın 1-nə olan rəsmi məlumatlara əsasən, ölkənin pul bazası 24,8179 milyard manat təşkil edib. Son statistik göstəricilər əvvəlki ayın eyni dövrü ilə müqayisədə 579,1 milyon manatlıq artımın olduğunu göstərir. İqtisadiyyatda baş verən bu cür dəyişikliklər həm mütəxəssislərin, həm də ictimaiyyətin diqqətini çəkir. Vətəndaşlar haqlı olaraq pul bazasının genişlənməsinin onların gündəlik xərclərinə və qiymətlərə necə təsir edəcəyini düşünürlər. Mütəxəssislər isə bu cür tərəddüdlərin ümumi iqtisadi mənzərəyə təsir mexanizmlərini açıqlayırlar.
1xeber.media xəbər verir ki, mövzu ilə əlaqədar Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli vəziyyəti detallı şəkildə təhlil edib. Ekspert bildirib ki, pul bazasının az miqdarda azalıb-çoxalması iqtisadiyyatda həlledici rol oynamır.
İqtisadçı ekspert Natiq Cəfərli Oxu24.com-a açıqlamasında bildirib ki, pul bazasının artmasına səthi baxdıqda cüzi bir artım kimi görünür, bundan öncə də azalma qeydə alınmışdı:
"İlin sonuna qədər büdcə pul bazası artacaq, çünki müəyyən layihələrin yekunlaşması, həyata keçirilməsi və pulların ayrılmasına şahidlik edəcəyik, çünki hər il belə olub. Hər il bizdə üçüncü-dördüncü rub, daha çox xərcləmələr olur”.
Natiq Cəfərli qeyd edib ki, baş verən bu proseslərin heç bir ciddi məzənnəyə və digər məsələlərə heç bir təsiri yoxdur:
”Məzənnəyə ümumiyyətlə təsir yoxdur, çünki məzənnə ölkədə inzibati qaydada tənzimlənir və inzibati qaydada məzənnə təyin edilir. Bu, bazardakı vəziyyətlə və ya hansısa bir bazar amili ilə əlaqədar deyil”.
Ekspertin təhlilləri göstərir ki, hər il ilin sonuna yaxın dövlət büdcəsindən maliyyələşən layihələrin icrası və xərcləmələrin artması səbəbindən pul bazasında müəyyən genişlənmələr qeydə alınır. Lakin mövcud inzibati tənzimləmə mexanizmləri və bazarın tərzi sayəsində bu cür dalğalanmaların milli valyutanın məzənnəsinə və gündəlik istehlak qiymətlərinə hər hansı təhlükəli təsiri gözlənilmir.















