Oktyabr ayının 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü öz işinə başlayıb. Qurum qitə dövlətlərini ortaq
maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə
xidmət edən mühüm regional platforma olaraq Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv
dövləti bir araya gətirir. AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır.
AQEM Asiyanın qlobal iqtisadiyyat, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika
və texnoloji inkişaf proseslərində artan rolu AQEM-in əhəmiyyətini daha da yüksəldir.
Ölkəmiz 2024-cü ilin dekabrında AQEM-ə “Daha güclü AQEM: Asiyada Bağlantılar,
Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında sədrliyə başlayıb. Azərbaycan AQEM-ə iki
il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat,
bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə
əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Dövlətimizin başçısı sammitdəki çıxışında qeyd edib:
“Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində
hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür”.
Azərbaycan sədrliyinin prioritetlərindən biri AQEM-in institusional əsaslarının
möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinin təşviqidir. Çünki
üzvlərinin sayı və coğrafi əhatəsi geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi
dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı
və institusional mexanizmlərin effektivliyi ilə ölçülür.
Bu baxımdan, AQEM-in İmtiyaz və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə
minməsi üçün zəruri ratifikasiya sayına Azərbaycan sədrliyi dövründə nail olunması xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycan sədrliyinin digər mühüm istiqaməti AQEM-in məşvərətçi
orqanlarının fəaliyyətinin canlandırılması və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır.
Digər mühüm hal AQEM Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılmasıdır. Qadınların
iqtisadi, sosial və ictimai həyatda iştirakının genişləndirilməsi, onların qərar qəbuletmə
proseslərində rolunun gücləndirilməsi və gender bərabərliyinin təşviqi müasir dayanıqlı inkişaf
gündəliyinin əsas istiqamətlərindəndir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə Şuranın
Nizamnaməsinin hazırlanması və üzv dövlətlərlə razılaşdırılması bu istiqamətdə atılan konkret
addımdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdəki çıxışında coğrafi
olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında
birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynadığını bildirib. Dövlətimizin başçısı qeyd
edib: “Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi,
nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik
sistemini möhkəmləndirir”.
Prezident İlham Əliyev Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili
standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və
əsaslandırılmış şəkildə çıxış etdiyini bildirib. “Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən
bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir”, – deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın
işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı bununla bağlı deyib: “30 il
ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan
tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi
Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovaraq
etnik təmizləmə həyata keçirib və Azərbaycana qarşı hərbi təcavüz edib. 1993-cü ildə BMT-
nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-
şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız
üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun
fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Qeyd edilib ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatları
nəticəsində azərbaycanlı hərbçilər həlak olublar. Bununla da, Azərbaycan xalqının səbri
tükənmişdir. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan erməni işğalçılarını
zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib
və 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
Dövlətimizin başçısı müharibənin bizim seçimimiz olmadığını bildirərək deyib ki, bizi
müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki,
Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini
düşünmədilər. Amma onların hamısının yanıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan
xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə
Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi
üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif
istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır.
Bakı Bəyannaməsində beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə
mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı konkret müddəalar əksini tapıb. Sənəddə,
həmçinin, dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqinə, təhlükəsizlik və rifah naminə
elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bununla
yanaşı, süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər də sənəddə ön plana
çəkilir.
Bəyannamədə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat,
enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, eləcə də enerji təhlükəsizliyinin təmin
olunması ilə bağlı müddəalar da yer alıb.
Bakı Sammitinin əhəmiyyəti yalnız qəbul ediləcək sənədlərlə məhdudlaşmır. Tədbir
Azərbaycanın müxtəlif regional aktorlar arasında dialoqu təşviq edən, qarşılıqlı etimadın
gücləndirilməsinə və Asiyada daha geniş əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən
dövlət kimi mövqeyini bir daha nümayiş etdirir.
Cavanşir Nəsirov,
Sabirabad rayon Ulacalı kənd sakini, təqaüdçü















