Son aylarda paytaxt Bakının ət dükanlarında və market vitrinlərində qiymət lövhələri demək olar ki, hər həftə yenilənir. İstehlakçıların cibinə birbaşa zərbə vuran bu kəskin bahalaşma hər kəsi eyni sual ətrafında düşündürür:Ət bazarında vəziyyət niyə bu qədər acınacaqlıdır və qiymət artımının real səbəbləri haraya uzanır?
Bu gün Bakıda sümüklü mal ətinin kiloqramı artıq 18-19 manata, sümüksüz gulyaj və ya antrikot hissələri isə növündən asılı olaraq 22-24 manata qədər yüksəlib. Əvvəllər daha sabit qalan quzu ətində də qiymətlər 21-22 manat ətrafında qərarlaşıb. Əhalinin ət dükanlarından qramla alış-veriş etdiyi, bir çox ailələrin isə rasionunda ət məhsullarını kəskin azaltdığı indiki məqamda bazarın pərdəarxası iqtisadiyyatını analiz etmək zərurəti yaranıb.
Qiymət lövhələrini alovlandıran rəsmi və qeyri-rəsmi səbəblər
Heyvandarlıq təsərrüfatları və qəssabxanalarla aparılan söhbətlər, eləcə də iqtisadi göstəricilər bu bahalaşmanın bir neçə əsas sütun üzərində dayandığını göstərir:
Təklif qıtlığı və yerli istehsalın zəifləməsi: Son illərin statistikası həyəcan təbili çalır. Ölkədə örüş və otlaq sahələrinin daralması, kənd yerlərində gənclərin heyvandarlıqdan uzaqlaşması nəticəsində daxili bazarda diri mal-qaranın sayı kəskin azalıb. Tələbat artdığı halda, təklif yetərsiz qalır.
Yem bazasının bahalaşması: Fermerlərin ən böyük problemi heyvanın saxlanma xərcidir. Yonca, saman, kəpək və digər qüvvəli yemlərin qiyməti son bir ildə ciddi şəkildə yüksəlib. Maya dəyəri artan heyvan kəsim məntəqəsinə gəlib çatana qədər artıq qəssab üçün "əl yandıran" qiymətə çevrilir.
Mövsümi faktor və payız gərginliyi: Hazırkı payız dövrü heyvandarlıqda keçid mərhələsidir. Qışa hazırlıq, otlaqların quruması və heyvanların tövlə şəraitinə keçməsi ənənəvi olaraq bazarda qiymətləri bir az da qızışdırır.
Zəncirvari krizis: Alıcı da narazıdır, qəssab da
Bazardakı hazırkı vəziyyət paradoksal bir reallıq yaradıb. Çoxları elə bilir ki, ət bahalaşdıqca qəssablar daha çox qazanır. Lakin Bakıdakı kəsim məntəqələrinin rəhbərləri fərqli mənzərəni təsvir edirlər: Müştəri sayı kəskin azalıb, əvvəllər günə 2-3 cəsəd kəsən dükanlar indi 1 malı 2 günə çətinliklə satıb bitirirlər. İstehlakçı cibinə uyğun gələn toyuq və ya digər ucuz alternativlərə yönəldikcə, ət dükanları boş qalır.
Nəticə nəyi göstərir? Əgər yaxın gələcəkdə yerli təsərrüfatlara, xüsusilə yem idxalına və fermer subsidiyalarına yenidən baxılmasa, bazardakı bu köpük daha da böyüyəcək. Qarşıdan gələn qış aylarında ətin qiymətinin yeni psixoloji hədləri keçəcəyi ehtimalı isə orta təbəqənin dolanışıq qayğılarını bir az da artırır.
Aidə Tofiqqızı















