1xeber.media xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv olması və ya müşahidəçi qismində fəaliyyət göstərməsi təklifini irəli sürüb.
Tokayev bu təkliflə oktyabrın 30-da Ankarada keçirilən TDT sammitində çıxış edərkən səsləndirib.
Qazaxıstan liderinin sözlərinə görə, Rusiyanın təşkilata qoşulmaq niyyətinə müsbət yanaşmaq həm ədalətli qərar olar, həm də qurumun beynəlxalq nüfuzunu artırar.
O bildirib ki, Rusiya böyük dövlət olmaqla yanaşı, əsrlər boyu türk dünyası ilə sıx əlaqələrə malik olub. Həmçinin Rusiyada tarixən çoxsaylı türk xalqları yaşayıb.
Tokayev Rusiyada hazırlanan “Altay – türk sivilizasiyasının beşiyi” layihəsini də dəstəklədiklərini qeyd edib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Rusiyanın TDT-də iştirakı üçün iki variant təklif edib: təşkilata qoşulmaq və ya müşahidəçi statusu ilə fəaliyyət göstərmək.















