Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük
siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin
faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı
şahidləri olaraq ermənilərin etnik azərbaycanlılara və suveren ərazilərimizə qarşı işğalçılıq,
talançılıq əməllərinin acı nəticələrini yaşamışıq. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik
qazanmış, ordusu tam formalaşmamış, ölkə idarəetməsində səriştəsiz və qeyri-milli ruha,
əqidəyə sahib insanların təmsil olunması ölkədaxili vəziyyətin pisləşməsinə, müxtəlif sahələrdə
xaosun hökm sürməsinə, ən dəhşətlisi isə vətəndaş müharibəsinin başlanmasına, hərc-
mərcliyə gətirib çıxarmışdı. Sözsüz ki, bu vəziyyətdən, Azərbaycandakı anarxiyadan sui-
istifadə edən ermənilər və onların havadarları ölkəmizə və xalqımıza qarşı müxtəlif məkrli
niyyətlər və əməllər planlaşdırmağa və o planları ən qəddar, qeyri-insani üsullarla həyata
keçirməyə başladılar. Torpaqlarımızın 20 faizinin işğal olunması, həmin ərazilərdə bütün şəhər
və kəndlərimizin, abidələrimizin dağıdılması, talan edilməsi, tarixən orada yaşamış dinc
soydaşlarımızın vəhşicəsində qətlə yetirilməsi, didərgin salınması tariximizin ən acılı və ağrılı
səhifələrindən biridir.
Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı. Ərazi
bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin
mütləq prioriteti olub, bu istiqamətdə atılan addımlar, aparılan danışıqlar bunu deməyə əsas
verir. Azərbaycan dövləti hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə
güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz.
Biz sadəcə münaqişənin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün dövlətlərin və beynəlxalq
təşkilatların vasitəçiliyini qəbul edirik. Bunlarla yanaşı, Azərbaycanın səbri tükənməz deyil,
əgər Ermənistan sülh yolu ilə torpaqlarımızı azad etməsə, hərb yolu qaçılmazdır, yəni
Azərbaycan nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcək, tarixi torpaqlarını
erməni işğalından azad edəcəkdir.
2020-ci il 27 sentyabr təxribatlarına cavab olaraq Azərbaycan əks-hücum
əməliyyatlarına başladı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması
üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Xalq və ordu birliyi 44 gün davam edən
Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi
hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan
ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal
altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın,
ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq. Bütün dünya
dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyini, vəhdətini, qüdrətini gördü. Bir daha
düşmən və onun havadarları anladı ki, bu dövlətin və millətin iradəsini qırmaq mümkün deyil.
Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi
inkişafın nəticəsidir. İqtisadi amil ölkənin qüdrətini artırdı və qələbəni reallığa çevirdi.
Erməni tərəfin provokasiyalarına növbəti cavab olaraq 2023-cü il sentyabrın 27-
də Bakını lokal xarakterli antiterror əməliyyatlara başlamağa məcbur oldu. 24 saata yaxın
davam edən və peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində dövlətimizin suverenliyi
tamamilə bərpa olundu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm ölkəmizdə, həm də
xaricdə yaşayan milyonlarla azərbaycanlının arzusunu gerçəkləşdirdi. Müstəqilliyini elan
etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Artıq
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağını
Xankəndində qaldırdı.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü iloktyabrın 15-də bir hissəsi Ermənistanın
işğalı altında olan və 44 günlük müharibə nəticəsində azad edilmiş Tərtər rayonuna səfər edib.
Dövlət başçısı parkın açılışında, Tərtər rayonundakı Suqovuşan su anbarının təmir işlərindən
sonra istifadəyə verilməsində iştirak edərək, Sərsəng su anbarının ərazisində Azərbaycanın
dövlət bayrağını qaldırdı. Artıq Azərbaycan bayrağı Ağdərədə, Xocavənddə, Xocalıda
dalğalanır. 2023-cü il Şanlı Qələbənin üçüncü ildönümü artıqXankəndidə hərbi paradla qeyd
edildi.
Tarixi zəfərimizin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin
sərəncamı ilə 8 noyabr – tarixi Şuşa şəhərimizin işğaldan azad olunduğu gün hər il ölkəmizdə
Zəfər Günü kimi yüksək səviyyədə qeyd edilir. Bu zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu
tarixi araşdırmaq, öyrənmək, təbliğ etmək, bütün dünyaya faktlarla çatdırmaq və bu günü
bizlərə bəxş edən, həyatını fəda edən qəhrəmanlarımızı xatırlamaq ən müqəddəs
borcumuzdur.
Cavid Rəcəbli,
ƏƏSMN yanında DSMF Sabirabad rayon şöbəsinin müdiri
















