Almaniyada Rusiya ilə danışıqlara görə partiya daxilində fikir ayrılığı: Vaydel görüşə qarşı çıxdı
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel partiyadaşının Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşmək planına qarşı çıxıb.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Bundestaq deputatı Markus Frohnmayerin 2027-ci ilin fevral və ya mart aylarında Əbu-Dabidə Dmitriyevlə görüşməsi planlaşdırılır. Tərəflərin ticarət əlaqələri, eləcə də Rusiya qazının Almaniyaya tədarükünün bərpası məsələsini müzakirə edəcəyi gözlənilir.
Vaydelin nümayəndəsi bildirib ki, partiyanın həmsədri həmin görüşdə iştirak etməyəcək. O, həmçinin AfD-nin Rusiya enerji resurslarının tədarükü ilə bağlı danışıqlar aparmaq səlahiyyətinin olmadığını vurğulayıb.
“AfD kölgə diplomatiyası ilə məşğul olmur. Bizim hər hansı danışıqlar aparmaq üçün mandatımız yoxdur”, – deyə partiya nümayəndəsi bildirib.
Bununla belə, Frohnmayer görüş planından imtina etmədiyini və danışıqların nəticələri barədə sonradan məlumat verəcəyini açıqlayıb. Deputat Almaniyanın enerji təminatında Rusiya qazının yenidən yer almasını dəstəklədiyini də bildirib.
Qeyd edək ki, daha əvvəl AfD deputatı Mattias Moosdorf partiyanın Rusiya regionları ilə əməkdaşlığı bərpa etmək istədiyini açıqlamışdı. Onun sözlərinə görə, Almaniya Rusiya ilə elm və mədəniyyət sahələrində əlaqələrin yenidən qurulmasında maraqlıdır.

















