Azərbaycanda xeyli vaxtdır dövlət idarəçiliyinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan və müasir çağırışlara cavab verən idarəetmə sisteminin yaradılması istiqamətində islahatlar aparılır. Bu islahatların məqsədi daha çevik, şəffaf və səmərəli idarəetmə aparatının yaradılmasıdır.
Strateji uğurların davamlılığını təmin etmək paralel strukturların, səmərəliliyi aşağı səviyyədə olan qurumların və kifayət qədər çevik fəaliyyət mexanizminə malik olmayan təşkilatların idarəetmə vahidi kimi əvəzlənməsini tələb edir. Bütün bunların reallaşması üçün isə sistemli islahatların davam etdiriləcəyi gözlənilir.
Ölkədə bir sıra mühüm postlara təyinatların aparılmamasının da gözlənilən islahatlarla bağlı olduğu bildirilir. Məsələn, xeyli vaxtır ki, Ekologiya və Təbii Sərvətlər naziri postu boşdur. Eynilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3 müavini, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı və s. postlara yeni təyinatlar verilməyib. Bunun səbəbinin həmin postlara uyğun kadrların tapılmaması ilə deyil, gözlənilən idarəetmə islahatları ilə əlaqəli olduğu bildirilir.
1xeber.media xəbər verir ki,Bakupost.az-ın əldə etdiyi məlumata görə, yaxın vaxtlarda ölkədə nazirlik, komitə və icra hakimiyyəti orqanlarını əhatə edəcək ciddi struktur və kadr dəyişiklikləri aparılacaq. Bu dəyişikliklər nəticəsində bir sıra qurumlar ləğv ediləcək, bəzi idarəetmə orqanları mərkəzləşdiriləcək, habelə bir sıra komitə və nazirliklər digərləri ilə birləşdiriləcək.
Məlumatda o da qeyd olunur ki, məsələ ilə bağlı uzun müddət hakimiyyət daxilində aparılan müzakirələr artıq başa çatıb. Aparılacaq islahatlarla bağlı təkliflər ümumiləşdirilərək sənəd halına gətirilib. Yaxın vaxtlarda dövlət başçısının idarəetmə aparatında struktur və kadr dəyişiklikləri ilə bağlı müvafiq fərman və sərəncamlar imzalayacağı bildirilir.