Azəriqaz İB-nin tabeliyində olan Ağsu Regional Qaz İstismar İdarəsində (RQİİ) kadr təyinatları və işçilərin vəzifə yüksəlişi prosesində şəffaflığın qorunmaması iddiaları ilə bağlı ciddi narazılıq yaranıb.
1xeber.media xəbər verir ki,Vətən müharibəsi veteranı, ölkə başçısının sərəncamları ilə "Ağdamın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş Daşqın Vüqar oğlu Abbasov idarədə hökm sürən ikili standartlar və bürokratik əngəllərlə bağlı kəskin tənqidi müraciət yayıb.
Cari ilin oktyabr ayında yayılan məlumata görə, idarənin Kommersiya şöbəsində 12-ci dərəcəli böyük mühəndis vəzifəsi təxminən iki aydır ki, vakant qalmaqdadır. Mövcud daxili qaydalara ("sürüşmə" sisteminə) əsasən, boşalmış ştata dərəcə ardıcıllığı ilə növbəti mühəndislər yüksəldilməli olduğu halda, Kadrlar şöbəsi prosesin dayandırılmasını davamlı olaraq "texniki problem" bəhanəsi ilə əsaslandırır.
Müharibə veteranı öz müraciətində idarə rəhbərliyini kəskin ironiya ilə tənqid edərək bildirib ki, adi işçilərin haqlı dərəcə artımı "texniki nasazlıq" adı altında aylarla yubadılsa da, vəzifədən uzaqlaşdırılan müəyyən xidmət rəislərinin dərhal digər mühəndis ştatlarına yerləşdirilməsi üçün "çevik marşrutlar" və imkanlar dərhal tapılır.
Narazı vətəndaş idarəçilikdə şəffaflığın tamamilə itdiyini vurğulayaraq, aidiyyəti qurumların qarşısında ciddi suallar qaldırıb:
– Əgər 12-ci dərəcəli böyük mühəndis vəzifəsi vakantdırsa, bununla bağlı prosedurlar niyə işçilərə aydın və şəffaf şəkildə izah edilmir?
– İşçilərin yüksəlişini tənzimləyən daxili komissiya qərarlarını peşəkarlıq və əmək stajı əsasında verir, yoxsa burada ictimaiyyətə açıqlanmayan başqa maraqlar var?
– Əgər problem həqiqətən texnikidirsə, bu nasazlığın nədən ibarət olduğu və nə vaxt aradan qaldırılacağı niyə rəsmən elan olunmur?

Qeyd edək ki, Göyçay rayonunda yaşayan və hazırda Kürdəmir Xidmət Sahəsində çalışan Daşqın Abbasov hər gün işə getmək üçün 75 kilometr məsafə qət edir. O, pozulmuş əmək və karyera hüquqlarının bərpa olunması, idarədəki qeyri-şəffaf kadr siyasətinə son qoyulması üçün SOCAR və "Azəriqaz" İB rəhbərliyindən, eləcə də əlaqədar dövlət orqanlarından rəsmi açıqlama və təcili müdaxilə gözləyir. Veteran vurğulayır ki, mövcud problemi həll etmək üçün xüsusi bir proqram təminatına deyil, sadəcə obyektivlik və məsuliyyət hissinə ehtiyac var.