“Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin rəhbərliyinin tapşırığına əsasən Mərkəzin strukturuna daxil olan tibb müəssisələrində vətəndaşlar üçün “Açıq qapı” günü keçirilib.
1xeber.media məlumatına görə, ilkin olaraq paytaxtın Nəsimi rayonunda yerləşən ilkin səhiyyə xidməti müəssisələrini əhatə edən vətəndaş qəbulları 5, 20 nömrəli Şəhər Poliklinikaları və 3 nömrəli Qadın Məsləhətxanasında keçirilib. Mərkəzin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin Vətəndaş müraciətləri şöbəsinin müdiri Rasimə Əliyevanın da iştirak etdiyi vətəndaş qəbulları zamanı, ümumilikdə, 30 vətəndaş qəbul edilib.
Müraciətlər, əsasən, İcbari tibbi sığortanın Xidmətlər Zərfi, ixtisas həkimlərinin qəbulu, müalicəyə göndərilmə qaydaları, əlillik meyarlarının təyini, əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin verilməsi və digər mövzularda olub. Əksər müraciətlər yerində həll olunub, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
“Açıq qapı” günləri Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan digər tibb müəssisələrində də mütəmadi olaraq həyata keçiriləcək.