İyulun 22-də AMEA Rəyasət Heyətinin “Yeniləşən Akademiyada rəqəmsal inkişaf və süni intellekt strategiyası: problemlər, həllər və vəzifələr” mövzusunda iclasda Elektron akademiya şöbəsinin fəaliyyətinə və inkişaf perspektivlərinə dair məruzə dinlənilib.
1xeber.media xəbər verir ki, Elektron akademiya şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov məruzəsində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, “Crossref Publishers İnternational Linking Assosation, İnc.” tərəfindən AMEA (ANAS) adı altında DOI prefiksi təsis edilib və AMEA nəşrlərinə (jurnallar, konfrans materialları və s.) rəqəmsal obyekt identifikatoru (DOI) ödənişsiz təmin olunur. Ümumilikdə 29 elmi jurnal DOI identifikatoru ilə təmin edilir. 2025-ci ilin birinci yarısında 16 elmi jurnalın 17 nömrəsində dərc olunmuş 315 məqaləyə DOI identifikatoru təmin edilib.
AMEA dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik bazalara daxil olunmasını dəstəkləmək məqsədilə WoS tələblərinin öyrənilməsinə önəm verilib. Şöbənin əməkdaşı Aida Tağıyeva tərəfindən nümunəvi sayt platforması və AMEA elmi jurnallarının Açıq Jurnal Sistemi - AMEA Dərgi Parkı yaradılıb. Bu günədək AMEA-nın 21 elmi jurnalının nümunəvi saytı yaradılıb, domen və hostinqlə təmin edilərək AMEA Dərgi Parkına daxil edilib. Dörd jurnal müraciət edib, onlara müvafiq formalar təqdim olunub. Hazırda AMEA Dərgi Parkında 21 jurnalın 154 (99) nömrəsinin 2386 (1705) məqaləsi yerləşdirilib. 2024-cü ildə AMEA Dərgi Parkına daxil olan 3 jurnal - “Azərbaycan riyaziyyat jurnalı”, “Müqayisəli ədəbiyyatşünaslıq” və “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalları Türkiyənin TÜBİTAK ULAKBİM DergiParkına daxil edilib, Türkiyədə yayımlanır və xülasələndirilir.
AMEA əməkdaşlarının AMEA Dərgi Parkına daxil olan jurnallarda dərc edilmiş məqalələrinin AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasındakı (AMEA İREMB) müvafiq profillərinə inteqrasiya olunması izlənilir. Həmçinin AMEA Dərgi Parkına daxil olan jurnalların AMEA Rəqəmsal Elmi İnformasiya Sisteminə (AMEA REİRS) inteqrasiya olunması nəzərdə tutulur.
Məruzəçi bildirib ki, AMEA-da elmi tədqiqat prosesinin rəqəmsal informasiya mühitinə inteqrasiyasının genişləndirilməsi məqsədilə AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi işlənilir. AMEA MEK balansında olan server təmir edilərək işlək vəziyyətə gətirilib, sistem bu server üzərində quraşdırılıb və sınaq rejimində istismar olunur. Sistem, həmçinin TÜBİTAK ULAKBİM APERTA və TÜBİTAK ULAKBİM HARMAN sistemlərinin funksionallığına analoji inkişaf etdirilir. Fondların təsnifatlandırmasında “Springer” kimi nəhəng bazaların təsnifatlandırma sistemləri ilə uyğunlaşma nəzərə alınır.
Vikipediyada fəaliyyət barədə məlumat verən F.İmranov 2025-ci ilin ilk 6 ayı ərzində AMEA əməkdaşları tərəfindən ümumilikdə 1601 yeni məqalənin yaradıldığını bildirib. Hazırda “Vikipediya”da Azərbaycan dilində 206.130 məqalə var, redaktələrin sayı isə 8.234.405-dir. Azərbaycandilli vikipediya ümumilikdə 55-ci yerdədir. Vikipediyada məqalələrin sayından fərqli olaraq, dərinliyi (xüsusi keyfiyyət göstəricisi) daha önəmlidir. Bu səbəbdən Azərbaycan dilində vikipediya özündən qabaq sıralarda olan 27 fərqli dildəki vikipediyalardan dərinliyinə görə üstündür.
F.İmranov vurğulayıb ki, AMEA “Microsoft” şirkəti tərəfindən akademik qurumların fəaliyyətinin dəstəklənməsi layihələrinə qoşulmaq imkanı əldə edib və dərhal şirkətin təqdim etdiyi akademik bonuslardan istifadə edilməyə başlanılıb. “Anas.az” domeni üzərindən AMEA əməkdaşlarına 2000 korporativ imeyl ünvanlarının təmin edilməsi, korporativ imeyl ünvanlarının üzərindən lisenziyalı “Microsoft Ofis” və digər proqram təminatının onlayn istifadəsi, lisenziyalı TEAMS və digər komunikasiya vasitələrinin istifadəsi və s. həyata keçirilib.
Daha sonra iclasda məruzə ilə bağlı müzakirələr aparılıb.