Təhsil eksperti Kamran Əsədov bəzi məktəblərdə şagirdlərin avtobusla təmin olunması məsələsinə münasibət bildirib.
Ekspertin sosial şəbəkə hesabından paylaşdığı məlumatı təqdim edirik:
Əgər 5 gün məktəbli avtobusundan istifadə edirsinizsə və məsafə 10-15 km aralığındadırsa, 240 manat, 15 km-dən çoxdursa isə 250+ manat ödəməlisiniz. Bir tərəfli seçimdə isə 15 km üçün 155 manat nəzərdə tutulur. İlk baxışdan bu məbləğ yüksək görünsə də, şəxsi avtomobillə həmin məsafəni qət etməklə müqayisədə olduqca sərfəlidir. Çünki valideynin benzin və avtomobilin amortizasiya xərcləri, üstəlik tıxacda vaxt itkisi nəzərə alındıqda, məktəbli avtobusu həm maliyyə, həm də zaman baxımından daha qənaətlidir.
Taksi xərcləri ilə müqayisə etdikdə də fərq aydındır – hər gün 3 km məsafəyə uşağı aparıb-gətirmək üçün valideyn ayda azı 300 manat ödəməli olur. Halbuki məktəbli avtobusu bu xərci azaldır, əlavə olaraq təhlükəsizlik, intizam və şagirdlərin sosial mühitdə birgə daşınması üstünlüyünü təmin edir. Bu xidmətin tətbiqi çox müsbət addımdır və təqdir olunmalıdır.