Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailəsinə və klanına daxil olan şəxslərə qarşı dövlət səviyyəsində aparılan inventarlaşdırma prosesi yeni mərhələyə keçib.
1xeber.media Musavat.com-a istinadla xəbər verir ki, Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da artıq vəzifədən azad edilib. Belə ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin əmri ilə Q.Mehdiyeva Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Musavat.com-un əldə etdiyi məlumatlara görə, son həftələrdə Ramiz Mehdiyevin yaxın çevrəsinə daxil olan şəxslər bir-bir vəzifələrdən çıxarılır, bir qismi isə artıq istintaqa cəlb olunub. Bu proses Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə daha da genişlənib, ciddi xarakter alıb. Mötəbər qaynaqlara görə, Rzayev Mehdiyev klanının təsir dairəsində fəaliyyət göstərirdi.
Yenə həmin mənbələr bildirir ki, Mehdiyev klanına qarşı fəaliyyət göstərən istintaq qrupu artıq geniş dairəni müəyyənləşdirib və ardıcıl ifadələr alınır. Klanın illər ərzində qurduğu təsir mexanizmləri, gizli iqtisadi şəbəkələri və idarəetmə bağlantıları bir-bir ifşa edilir.
Əldə olunan eksklüziv məlumata əsasən, bu istiqamətdə yaxın günlərdə yeni həbslərin həyata keçirilməsi gözlənilir. Daha yüksək səviyyəli, toxunulmaz hesab edilən şəxslərə qarşı tədbirlərin isə 8 Noyabr – Zəfər Gününün 5 illiyi qeyd olunduqdan sonra başlanacağı bildirilir.
Hazırda Mehdiyev ailəsinin vəzifədə qalan son yaxın qohumlarından biri onun oğlu, Fövqəladə Hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevdir. Mənbələrə görə, o da növbəti mərhələdə vəzifədən azad ediləcək.
Bəlli olduğu kimi, Ramiz Mehdiyev klanının əsas maliyyə koordinatoruluğunu və “beyin mərkəzi” funksiyasını onun kürəkəni, sabiq deputat və iş adamı İlham Əliyev görür. O, ailənin biznes maraqlarını idarə edir, gəlirləri toplayır, bölüşdürür, həmçinin “klan beyni” kimi bütün əlaqələri koordinasiya edir.
Kürəkən İlham Əliyev klanın “qara qutusu” adlandırılır – Mehdiyevin bütün maliyyə və təsir rıçaqları onun əli ilə idarə olunur. Onun jurnalistlərlə kobud davranışları, mediaya təzyiqləri və özünü “toxunulmaz” hesab etməsi bu etimaddan qaynaqlanır.
Musavat.com-un məlumatına görə, Mehdiyevin kürəkəninin də istintaqa cəlb olunması artıq gündəmdədir. Onun yaxın günlərdə dindirilməsi, hətta həbs olunması istisna edilmir.
Beləliklə, Ramiz Mehdiyev klanına qarşı dövlətin səssiz, amma qətiyyətli təmizləmə əməliyyatı davam edir. İllərlə qurulmuş köklü şəbəkənin addım-addım sökülməsi prosesi gedir.

















