Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandiya Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
1xeber.media ”TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, səfir “Beşiktaş”ın Batumidə keçirilən UEFA Avropa Liqası matçında baş verən hadisələrlə əlaqədar çağırılıb.
Məlumata görə, nazirlikdən matçda baş verən hadisələrə reaksiya bildirilib və müxtəlif sübutlar paylaşılıb.
Hadisələrin hərtərəfli araşdırılması ilə yanaşı, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsi tələb olunub.
Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel” matçının birinci hissəsinin ortalarında İstanbul təmsilçisinin fanatlarının olduğu sektorda iğtişaşlar baş verib və polis güc tətbiq etməklə yanaşı gözyaşardıcı qazdan istifadə edib. Oyun təxminən 40 dəqiqə dayandırıldıqdan sonra davam etdirilib. Qarşılaşma Türkiyə komandasının qələbəsi ilə başa çatıb - 2:1. Baş verən gərginliklə bağlı 16 nəfər saxlanılıb və daha sonra sərbəst buraxılıb.
















