Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə təkbətək görüşü olub.
1xeber.media xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirildi.
Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şövkət Mirziyayevin isə ölkəmizə mütəmadi səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulandı.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək, bu xüsusda dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunuldu.
Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

















