Şabran rayonunun icra başçısı Asif Hüseynovun da hazırda dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olan Ramiz Mehdiyevə, onun arvadı Qalina Mehdiyevaya Siyəzəndə torpaqlar verməsi haqda məlumat var.
1xeber.media bildirir ki, bu barədə Şabran rayonunda məskunlaşan keçmiş məcburi köçkün Məhəmməd Məmmədov 7times-ə açıqlama verib.
Vaxtilə Şabranda vəzifə tutmuş Məhəmməd Məmmədov icra başçısı Asif Hüseynovun Qalaaltıda villasını təmir etdirdiyini, villa tikib bağışladığını bildirib.
Məhəmməd Məmmədov icra başçısının Qarabağlar kəndində 120 hektar ərazidə dövlət hesabına artezian quyuları vurdurduğunu, həmin quyulardan çıxan sudan əhaliyə verilmədiyini də açıqlayıb.
22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Mehdiyev bu illər ərzində milyardlarla manatlıq var-dövlətə sahib olub. Hər təyinatdan sonra vəzifəlilər Mehdiyevin hüzuruna gedib, onun qeyri-rəsmi tələb və tövsiyələrini dinləyib, sonra isə vəzifələrinin icrasına başlayıblar. Ramiz Mehdiyevin fəaliyyət dövründə onu sərvət sahibi edən əsas şəxslər isə rayon və şəhər icra hakimiyyətlərinin başçıları olub. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik edən məmurlar Mehdiyevə villalar və yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər.

















