Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərdən biri Hacıqabul rayonunun böyük qəsəbələrindən sayılan Muğan qəsəbəsində reallaşıb. Bu münasibətlə qəsəbədə içməli su layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, deputat Rafael Hüseynov, Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, bu cür təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində iri layihələr icra olunur və bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.
eyni zamanda Masallı rayonunun Bala Təklə kəndinə də fasiləsiz içməli su verilib.Bala Təklə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Qəriblər–Masallı su kəmərinin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Kəndin mövcud su şəbəkəsinin genişləndirilməsi üçün uzunluğu 4,8 km olan yeni su xətləri çəkilib və ümumilikdə 177 istehlakçı yeni su təchizatı sisteminə qoşulub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Layihə çərçivəsində Bala Təklə kəndində 635 nəfər əhali mərkəzləşdirilmiş içməli su təchizatı sistemi ilə təmin olunub.Qeyd edək ki, 2026-cı il ərzində layihənin davamı olaraq Kürdəbazlı və digər kəndlərdə su şəbəkəsinin tikintisi və sayğacların quraşdırılması işlərinin icrası planlaşdırılır. Bala Təklə kəndinin və Muğan qəsəbəsinin sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

















