20 Yanvar metrostansiyası Bakının Yasamal rayonu ərazisində, Tbilisi prospektində yerləşən və paytaxtın ən vacib nəqliyyat qovşaqlarından biri sayılan ərazilərdəndir. Bu zonada illərdir piyada hərəkəti, tıxaclar və sıxlıq daim müzakirə mövzusu olub. Qanunvericiliyə görə isə metro çıxışları və ətraf ərazilər sərbəst, təhlükəsiz və maneəsiz gediş-gəliş üçün açıq olmalıdır.
Amma reallıq tam fərqlidir.
20 Yanvar metrosunun çıxışında növbəti qanunsuz tikinti ortaya çıxıb.
Bizimesr.az-a daxil olan məlumata görə, “Çaydan = Cafe Bistro” adı altında fəaliyyətə başlayan obyekt çox qısa müddətdə inşa edilib. İddialara görə, tikinti gecə saatlarında aparılıb. Ərazidə mövcud olan yaşıllıq sahəsi və ağaclar məhv edilib.
Bu ərazini tanıyan Bakı sakinləri yaxşı bilir ki, 20 Yanvar metrosunun ətrafı, xüsusilə də hazırda obyektin yerləşdiyi sahə vaxtilə yaşıllıq zolağı olub. Bu gün isə həmin ərazi daha bir kafe-restorana qurban verilib.
İllərdir Yasamal rayonunda yaşıllıqların, səkilərin və ictimai sahələrin “parça-parça” kafe, restoran və mağazalara çevrildiyi barədə saysız-hesabsız şikayətlər var. Rayonun əvvəlki icra başçıları bu prosesi sistemli şəkildə aparıb. İndi isə bu praktikanın Yasamal rayonunun hazırkı icra başçısı Elşad Həsənov tərəfindən davam etdirildiyi iddia olunur.

















