Paytaxtın bəzi ərazilərində tikililər qeyri-qanuni olaraq mühafizə zolağında, magistral içməli və tullantı su xətlərinin üzərində tikilib. Həmin xətlər istismar müddətinin bitməsi səbəbindən, ya da üzərində qanunsuz inşa edilən tikililərin ağırlığından sıradan çıxır.
Biləcəri qəsəbəsi, Tomris və Zeytun küçələrində kollektorun üzərində evlər tikildiyinə və sakinlərin konstruksiyasını zədələyərək fərdi kanalizasiya təchizatlarını magistral xəttə qoşduqlarına görə yararsız hala düşən xətt İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yenisi ilə əvəzlənir.
Kanalizasiya təsərrüfatının mövcud vəziyyəti barədə sakinlərə öncədən xəbərdarlıq edilib. Onlara bildirilib ki, su təchizatı və kanalizasiya sistemlərinin mühafizə ərazisində, boruların üzərində tikililərin olması böyük təhlükələrə yol açır. Belə vəziyyətdə yüklənmə nəticəsində həm təchizat sistemi sıradan çıxar, həm də evlərə ziyan dəyər.
Hazırda yararsız hala düşən tullantı su kollektorunun yeri dəyişdirilir. Yeni xətt Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrinin müəyyən hissələrini əhatə edir.
Diametri 1000 mm olan qəzalı kollektorun əvəzinə yeni magistral xəttin çəkilməsi işləri çərçivəsində, uzunluğu 1152 metr yeni tullantı su xətti inşa edilir. Hazırda xəttin 1068 metr hissəsi çəkilib.
Ətraflı sujetdə:

















