"Atlant" istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adının çəkildiyi səs-küylü cinayət işi üzrə məhkəmə prosesi getdikcə daha qalmaqallı mərhələyə keçir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda diqqət mərkəzində bu dəfə zərərçəkənlərin və şahidlərin ard-arda səsləndirdiyi ittihamlar olub.
Hakim qarşısına çıxarılan əsas təqsirləndirilən şəxs - Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluqda ittiham olunur. Lakin məhkəmədə səslənən ifadələr bu işin təkcə bir nəfərin üzərinə yüklənə bilməyəcəyini açıq şəkildə ortaya qoyur.

















