Tbilisidən Bakıya gecə saat 02:00-da həyata keçirilməsi nəzərdə tutulan aviareys təxirə salınıb. Sərnişinlərin sözlərinə görə, uçuşun baş tutmaması səbəbindən onlar əvvəlcə otellərə yerləşdirilib və reysin bu gün saat 11:40-da həyata keçiriləcəyi bildirilib.
Lakin daha sonra sərnişinlərə uçuşun yenidən təxirə salındığı və gecə saat 02:00-a keçirildiyi barədə məlumat verilib.
Sərnişinlər yaranmış vəziyyətin onlara ciddi çətinliklər yaratdığını bildirirlər. Onların sözlərinə görə, gözləmə müddəti ərzində bir neçə reys həyata keçirilib və bəzi şəxslər yerində bilet əldə edərək digər uçuşlarla təyinat məntəqələrinə yola düşə biliblər.
Narazı sərnişinlər aviaşirkətdən məsələyə aydınlıq gətirilməsini və yaranmış vəziyyətlə bağlı rəsmi açıqlama verilməsini tələb edirlər.
Qeyd edək ki, hadisə ilə bağlı AZAL tərəfindən hələlik rəsmi məlumat yayılmayıb.
















