Azərbaycanda topdansatış sahəsində fəaliyyət göstərən,adı hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə yanaşı çəkilən Ceylan MMC şirkətində baş verən ciddi qanun pozuntuları, maliyyə saxtakarlıqları və vətəndaş narazılığı barədə yenə şikayət var.
İddiaların birbaşa hədəfində olan şəxslər – Ceylan MMC-nin direktoru Fuad Əliyev və şirkətin İnsan Resursları üzrə meneceri Cabbarlı Şəhladır
1xeber.media-ya müraciət edən vətəndaş Günay Rzayevanın rəsmi iddialarına görə, Ceylan MMC rəhbərliyi onun adına saxta sənədlər tərtib edərək əmək hüquqlarını kobud surətdə pozmuş, istirahət və rəsmi bayram günlərində qanunsuz işlətmişdir. Ən əsası isə, şirkətdə dövlətdən gizlədilən 'ikili mühasibatlıq' və vergidən yayınma sxemi tətbiq olunur. Belə ki, vətəndaşın əmək haqqının 500 manatı rəsmi olaraq karta, 900 manatı isə vergilərdən qaçmaq üçün konvertdə, nağd şəkildə ödənilmişdir. İddialara görə,şirkət vətəndaşın qazandığı halal ödənişini mənimsəyib və geri qaytarmaqdan imtina edir.
Vətəndaş öz hüquqlarının bərpası üçün artıq məhkəməyə müraciət edib. Lakin Ceylan MMC rəhbərliyi qanunları və məhkəmə hakimiyyətini açıq-aşkar təhqir edərək vətəndaşa bu hegemon sözləri ünvanlayıb: 'Məhkəmə də mənəm, hakim də mənəm, qanun da mənəm! Hara şikayət edirsən et, zatən mən deyən olacaq!' Azərbaycan Respublikasının məhkəmə sistemini və qanunvericiliyini heçə sayan bu təkəbbürlü yanaşma dövlətimizə qarşı böyük hörmətsizlikdir!
Məsələ təkcə bununla bitmir. Şirkət daxilindən gələn digər dəhşətli bir iddia isə odur ki, Ceylan MMC-də anbardakı bəzi qida məhsullarının son istifadə müddəti saxta yollarla dəyişdirilir. Vaxtı keçmiş qidaların tarixlərini yeniləyib yenidən bazara və marketlərə ötürmək birbaşa Azərbaycan xalqının, övladlarımızın sağlamlığına qəsddir və cinayətdir!
Qanunları və istehlakçı hüquqlarını heçə sayan bu özbaşınalıq qarşısında vətəndaş Günay Rzayeva birbaşa Ölkə Rəhbərliyinə müraciət edərək kömək istəyir.
Ümid edirik ki,Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi və AQTA Ceylan MMC-də iddia olunan vergi yayınmasını, maliyyə cinayətlərini və saxtakarlığı dərhal nəzarətə götürəcək.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
















