Mahirə Əsədova: “20 milyonlarla dəyəri olan şirkətim əlimdən alınıb
1xeber.media sahibkarın iddia dolu çıxışını təqdim edir:
”Azərbaycanda əczaçılıq sektorunun tanınmış simalarından olan iş xanımı Mahirə Əsədova aptek fəaliyyətinə hələ 1996-cı ildə addım atıb. O, həmin dövrdə Apteklər İdarəsinin rəhbəri olan Kamal Tağızadənin tövsiyəsi və xeyir-duası ilə aptek müdiri təyin olunduğunu bildirir. Bu sahədəki ilk addımlarında ona böyük dəstək olan Kamal Tağızadəni hər zaman dərin hörmət və ehtiramla, peşəkar bir rəhbər kimi xatırlayan M.Əsədova, uzun illər ərzində qazandığı təcrübə və böyük maliyyə yatırımları hesabına ölkənin qabaqcıl dərman şirkətlərindən birini ərsəyə gətirib.Lakin artıq bir ildən çoxdur ki, iş xanımı öz zəhməti ilə qurub inkişaf etdirdiyi “SonarFarm” dərman şirkətinin qanunsuz şəkildə əlindən alındığını iddia edir. Mahirə Əsədovanın sözlərinə görə, bazar dəyəri təxminən 20-21 milyon manat olan nəhəng bir şirkətin cəmi 300 min manata satılması nə iqtisadi, nə də məntiqi baxımdan izah oluna bilər.“20 milyonlarla manat dəyərində olan bir şirkətin 300 min manata satılması qətiyyən inandırıcı deyil. Ağlı başında olan heç bir sahibkar, uzun illər gecəsini gündüzünə qataraq böyütdüyü biznesini bu cür simvolik qiymətə verməz. Hesab edirəm ki, burada ciddi qanunsuzluqlar baş verib və şirkət müxtəlif təsirlər, təzyiqlər hesabına əlimdən alınıb”, – deyə sahibkar vurğulayıb.İş xanımı iddia edir ki, mülkiyyətinin mənimsənilməsi prosesində müəyyən vəzifəli şəxslərin səlahiyyət və nüfuzundan sui-istifadə olunub, nəticədə onun konstitusion sahibkarlıq və mülkiyyət hüquqları kobud şəkildə pozulub. M.Əsədovanın sözlərinə görə, məsələ ilə bağlı bir ildən artıq müddətdə aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına və digər instansiyalara çoxsaylı müraciətlər ünvanlansa da, indiyədək nə araşdırmanın nəticələri, nə də şirkətin hüquqi taleyi ilə bağlı ictimaiyyətə hər hansı aydın məlumat təqdim olunub.Sahibkar hesab edir ki, iddiaların obyektiv, şəffaf və ədalətli şəkildə araşdırılması həm onun pozulmuş hüquqlarının bərpası, həm də ölkədə formalaşmış sağlam sahibkarlıq mühitinə olan etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Materialda yer alan fikirlər tamamilə Mahirə Əsədovanın iddialarına əsaslanır. Qarşı tərəfin və ya adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq
















