FHN deputatın qarşısında aciz qaldı? — Qubada Əlibala Məhərrəmzadəyə məxsus obyektlərdə qanunsuzluq pik həddə
1xeber.media 7Times-ə istinadla xəbər verir ki,Quba şəhərində millət vəkili Əlibala Məhərrəmzadəyə və onun ailə üzvlərinə məxsus olduğu bildirilən irimiqyaslı kommersiya obyektlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi qərarlarına məhəl qoyulmayaraq qanunsuz tikinti-quraşdırma işləri davam etdirilir. Aparılan araşdırmalar və əldə olunan son görüntülər dövlət qurumlarının qəti addımlarına rəğmən, tikintilərin bir gün belə dayanmadığını sübut edir.
"Şahdağ" Hotelində İtaətsizlik: Deputatın Yalanı Qısa Çəkdi
Quba şəhəri, Lütfizadə küçəsində yerləşən “Şahdağ” hotelində aşkar edilən qanunsuz tikinti ilə bağlı FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 28 aprel 2026-cı il tarixində 0354 saylı rəsmi dayandırma qərarı çıxarılıb. Layihənin qanunsuzluğu üzə çıxan gün millət vəkili Əlibala Məhərrəmzadə mətbuata açıqlama verərək obyektin ona aid olmadığını, orada heç bir qanunsuz iş aparılmadığını iddia etmişdi.
Lakin rəsmi sənədlər obyektin deputatın qardaşının adına rəsmiləşdirildiyini, mənəvi olaraq isə özünə məxsus olduğunu ortaya qoyub. İyunun 28-də ərazidən lentə alınan son görüntülər isə dövlətin rəsmi qərarına açıq meydan oxunduğunu göstərir — hoteldə tikinti işləri tam sürətlə davam etdirilir.
Bir Obyektə Üç Dayandırma Qərarı: "Aqua Park" Qalmaqalı
İtaətsizliyin daha bir ağır forması Quba şəhəri, Nəriman Nərimanov küçəsi 75 ünvanında, “Aqua Park” kompleksinin inzibati binasının yaxınlığında qeydə alınıb. Sifarişçi “A Ənd J Holding” MMC tərəfindən tikilən bu qanunsuz obyekt barəsində FHN tərəfindən tam üç dəfə (27 oktyabr 2023, 30 yanvar 2025 və 19 noyabr 2025-ci il tarixlərində) rəsmi dayandırma və saxlama qərarı çıxarılıb.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsələnin ciddiliyini nəzərə alaraq işi FHN-in Əməliyyat-istintaq idarəsinə göndərib. Eyni zamanda, obyektin bütün kommunikasiya təchizatının dərhal kəsilməsi məqsədilə “Azəriqaz”, “Azərişığ” və “Azərisu”ya rəsmi müraciətlər edilib. Lakin bütün bu hüquqi sənədlərə baxmayaraq, obyekt qaz, işıq və su ilə təmin olunaraq qanunsuz şəkildə yüksəlməyə və dövlət qurumlarını biçarə vəziyyətdə qoymağa davam edir.
"Şaving İnşaat" və Sənədsiz Restoran Tapmacası
İddialara görə, deputat şəbəkəsinə aid növbəti qanunsuz tikinti Quba şəhərinin 30–32-ci məhəlləsində yerləşir. Vüqar Paşayevin direktoru olduğu “Şaving İnşaat” MMC tərəfindən heç bir sənəd və rəsmi razılıq olmadan inşa edilən restoran barədə də FHN-in dayandırma qərarı mövcuddur. Hüquqi baxımdan işlərin dayandırıldığı zənn edilsə də, obyektin ilkin fotoları ilə indiki halının müqayisəsi növbəti bir dövlət qərarının görməzdən gəlindiyini təsdiqləyir.
Sıravi vətəndaşların ən kiçik tikintilərinə qarşı sərt mexanizmlərlə çıxış edən aidiyyəti qurumların, millət vəkili və ailəsinin Qubadakı qanunsuz mülkləri qarşısında niyə bu qədər kövrək və təsirsiz qaldığı ciddi suallar doğurur.
Xəbərdə adı çəkilən millət vəkilinin, şirkətlərin və digər qarşı tərəflərin mövqeyini rəsmi şəkildə dərc etməyə hazırıq.















