Sədərək ticarət mərkəzi kənardan sadəcə bir bazar kimi görünə bilər, amma içəridə qurulan sistem tam fərqlidir. Burada sanki ölkə qanunlarının işləmədiyi, tamamilə fərqli, müstəqil bir daxili qayda-qanun yaradılıb. Vətəndaşların şikayətləri və iddialar göstərir ki, buradakı özbaşınalığın əziyyətini həm kiçik sahibkarlar, həm də günəmuzd işləyən sadə fəhlələr çəkir.
Bunun ən bariz nümunəsi bazarda uzun illərdir fəaliyyət göstərən sadə bir arabaçının üzləşdiyi vəziyyətdir. İşləməyə icazə verilməyən vətəndaşın son çarə olaraq əlindən arabası da alınıb. Hətta alıcılara mağazaların yerini göstərib, qarşılığında dükan sahiblərindən qəpik-quruş qazanmaq cəhdi də rəhbərlik tərəfindən əngəllənib. Bazar administrasiyası 'bura bizim şəxsi ərazimizdir, siz buradan pul qazana bilməzsiniz' deyərək, sadə bir insanın ailəsinə çörək aparmaq yollarını tamamilə bağlayıb.
Problemlər təkcə fəhlələrin sıxışdırılması ilə bitmir. 1xeber.media-ya müraciət edən vətəndaş iddia edir ki,Sədərəkdə vergidən yayınma halları baş alıb getdir, idarəetmədə ciddi qanunsuzluqlar var. Ən böyük narazılıqlardan biri isə işıq pulu ilə bağlıdır. İddialara görə, dövlətin rəsmi qiymətlə təmin etdiyi elektrik enerjisi ticarət mərkəzində sahibkarlara fantastik dərəcədə baha qiymətə satılır. Onsuz da yüksək arenda haqqı ödəyən mağaza sahibləri, bu cür süni şəkildə şişirdilmiş xərclərin altında rəsmən incidilir.
Sədərək ticarət mərkəzi rəhbərliyinin ölkə qanunlarını, vergi sistemini belə rahatlıqla heçə sayması ciddi suallar doğurur. Bir tərəfdə daxili qaydalarla böyük gəlirlər əldə edən rəhbərlik, digər tərəfdə isə hətta müştəriyə yol göstərib pul qazanmasına belə göz dikilən çarəsiz insanlar var. Bu özbaşınalığa aidiyyəti dövlət qurumları tərəfindən hüquqi qiymət verilməli və yoxlamalar başladılmalıdır. Çünki Sədərək kiminsə şəxsi krallığı deyil, Azərbaycanın qanunlarına tabe olan bir ticarət sahəsidir.
















