Bildiyiniz kimi, 25 oktyabr 2025-ci ildə AQTA respublikada fəaliyyət göstərən mal bazarlarını dabaq xəstəliyi bəhanəsi ilə qanunsuz olaraq bağlamışdır. Daha sonra özlərinin daxili 50 №-li qərarını “kəşf” edərək sahibkarları məcbur etmiş, onları milyonlarla manat pul xərcləməyə vadar etdikdən sonra fəaliyyətlərinə icazə vermişdir. Bütün bu bağlama-açılma oyunları nəticəsində, maldarlıqla məşğul olan minlərlə kiçik sahibkar faktiki olaraq oyundan kənarlaşdırılmışdır.
Nəzərə alsaq ki, Azərbaycanda mal bazarları yüz illər boyunca fəaliyyət göstərmiş və hər il payız fəslində baş qaldıran müvəqqəti dabaq xəstəliklərindən keçərək bu günümüzə qədər gəlib çıxmışdır. Lakin son zamanlar AQTA agentliyi fəaliyyətinə özlərinin icazə verdiyi mal bazarlarından əl çəkmək bilmir. Belə ki, insanın ağlına gəlməyən müxtəlif üsullar fikirləşib taparaq bazarlara qan uddururlar. İndi də bazarlardan "moyka" tələb edirlər. Qaydaya görə, bazara daxil olan bütün maşınlar xüsusi maddələrlə yuyulmalı və yalnız ondan sonra geri dönməlidirlər. Nəticədə, minlərlə avtomobil uzun-uzadı növbələrdə dayanıb dezinfeksiyaedici maye ilə yuyulmağı gözləyir. Halbuki, bu nəqliyyat vasitələri elə bazar ərazisinə daxil olanda da xüsusi dezbaryerdən keçirlər.
AQTA-nın növbəti tələbinə görə, bazara daxil olan minlərlə heyvan yerindəcə həkim-laborator müayinəsindən keçməlidir. Lakin nəzərə almaq lazımdır ki, bunun üçün prosesə minlərlə baytar həkim işə cəlb olunmalıdır, halbuki ölkədə o qədər baytar həkimi ümumiyyətlə yoxdur.
Ümumiyyətlə, kəndçi və sahibkarlar AQTA-nın 50 №-li qərarının tələblərinə tuş gəldikdə dərhal 4 min manat cərimə ödəməli olurlar. Hər ay 4 dəfə bazar təşkil olunduğunu nəzərə alsaq, bu, AQTA-ya 20 min manata yaxın, bəlkə də daha çox vəsaitin ödənilməsi deməkdir. Hansı ki, bu insanlar yüz illərdir saxladıqları heyvanları rahatca bazarlara çıxarıb satırdılar. Axı niyə bu insanlar bu qədər incidilir? Onların səbəbi, günahı nə idi? Onsuz da qurumun gördüyü bu “işlər” heç bir xəstəliyin qarşısını almır. Fəsili xəstəliklər təbiətin qanunu ilə gəlir və özü də solub gedir.
Təsəvvür edirsinizmi, həmin 50 №-li qərara əsasən, bazara daxil olan hər bir avtomobildəki heyvan "rampa" deyilən yerdə boşaldılmalı və xüsusi hazırlanmış qəfəslərə əllə bir-bir aparılmalıdır. Nəzərə alsaq ki, bəzən 100 ədəd qoyunu cəmi 1 nəfər gətirir və ya 5 ədəd iribuynuzlu malı cəmi 1 adam idarə edir. Nəticə etibarilə insanlar heyvan satışını bir kənara qoyub, azı 2 gün və ya daha çox müddət ərzində heyvan, maşın, dezinfeksiya, "moyka" problemləri və sırf bu 50 №-li qərarın icrası ilə məşğul olmalıdırlar.
Axı niyə? Bu insanların günahı nədir? Bu əli qabarlı, zəhmətkeş kəndçinin və ya gecəni səhərə qədər yuxusuz qalan bazar işçilərinin günahı nə idi?
















