Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verən idarəetmə qanunsuzluqları və özbaşınalıq artıq rəsmi şəkildə məhkəmə müstəvisinə daşınıb. İxtisasca tarix müəllimi olan, lakin xəstəxananın kadrlar şöbəsinə rəis təyin edilən şəxsin həkimlər barəsində verdiyi saxta və qanunsuz qərarlar ifşa olunub. Məhkəmə prosesi başa çatıb və ədalət yerini tapsa da, ortada dövlət büdcəsinə vurulan çox böyük bir maliyyə ziyanı var.
Hadisənin təfərrüatı daha acınacaqlıdır.
1xeber.media-ya müraciət edən şikayətçinin iddiasına görə,xəstəxananın keçmiş rəhbərliyi və kadrlar rəisi Tural Səfərov əlbir olaraq həkimlər barəsində tamamilə səhv, hüquqi əsası olmayan cəza və işdənçıxarma qərarları veriblər. Hüquqları tapdanan tibb işçiləri isə məsələni məhkəməyə daşıyıblar. Keçirilən məhkəmə iclaslarında xəstəxananın rəsmi qərarlarının tamamilə qanunsuz olduğu sübuta yetirilib və məhkəmə həkimləri rəsmən qalib elan edib.
Məhkəmə prosesi zamanı təyin olunan rəsmi ekspertiza rəyi idarəçiliyin nə dərəcədə savadsız aparıldığını açıq-aşkar ortaya qoyub. Ekspertiza xəstəxana rəhbərliyinin addımlarının tamamilə qanunsuz olduğu barədə qəti rəy verib. Məhz bu rəydən sonra, qanunsuz şəkildə işdən qovulan həkimlərdən biri xəstəxanaya qarşı tam 41 min manatlıq fantastik təzminat davasını udub.
Digər iki həkim isə müvafiq olaraq 14 min və 7 min manatlıq kompensasiya hüququ qazanıb. Bu fərdi təzminatlar və digər məhkəmə xərcləri üst-üstə gəldikdə ise acınacaqlı bir rəqəm ortaya çıxır: savadsız idarəçiliyin və şəxsi ambisiyaların ucbatından dövlət büdcəsinə, birbaşa TƏBİB-in cibinə tam 70 min manat xalis ziyan vurulub!
İndi həmin həkimlərin buraxılmış əməkhaqları və on minlərlə manatlıq təzminatları məhz dövlətin pulu hesabına ödənilir. Tibb sahəsindən tamamilə uzaq olan bir tarix müəlliminin kadrlar şöbəsində oturub qanunsuz hökm çıxarmasının, insanları şəxsi qərəzliliklə işdən qovmasının bədəlini rəsmən dövlət ödəyir.
Bir xəstəxanada professional həkimlərin taleyini tibbi və hüquqi bilikləri olmayan şəxslərə tapşırmağın sonu maliyyə cinayəti ilə bitdi. Ekspertiza rəyi və məhkəmə artıq öz sözünü dedi. Hazırda isə məsələ daha ciddi müstəviyə keçib — dövlətə vurulan bu böyük maliyyə ziyanı və idarəetmədəki qanunsuzluqlarla bağlı iş Şəki Rayon Prokurorluğunda araşdırılır.
Bəs TƏBİB və aidiyyəti hüquq-mühafizə orqanları dövlətə rəsmən 70 min manat ziyan vuran bu keçmiş rəhbərlik və kadrlar rəisi Tural barəsində hansı hüquqi addımları atacaq? Dövlətin büdcəsini şəxsi oyunlarına qurban verənlər prokurorluq araşdırmasından sonra qanun qarşısında mütləq cavab verməlidir!

















