Bakının Binəqədi rayonunda yeniyetməyə qarşı amansızlıq törədilib, zərərçəkən ailə hazırda təhlükəsizliklərindən ciddi narahatdır.Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində, yaşayış binalarının həyətində yerləşən stadionda qeydə alınıb.
Stadionda olan 14 yaşlı məktəbli, heç bir səbəb olmadan iki nəfər həmyaşıdının (14-15 yaşlı azyaşlıların) qəfil hücumuna məruz qalıb. İddiaya görə, hücum edənlərdən biri – Sahil adlı şəxs əlindəki kəsici alətlə 14 yaşlı yeniyetməyə amansızcasına tam 35 zərbə endirməyə çalışıb. Ölüm qorxusu yaşayan məktəbli instinktiv olaraq əlləri ilə özünü müdafiə edib və məhz bu onun həyatını xilas edib. Atılan çoxsaylı zərbələrin 4-ü uşağın bədəninə və əllərinə isabət edib.Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan zərərçəkən təcili əməliyyat olunub. Zərbələr o dərəcədə güclü olub ki, yeniyetmənin barmağındakı vətərlər qırılıb. Həkimlər azyaşlının gələcək sağlamlığı ilə bağlı ailəyə heç bir zəmanət vermirlər. Onun barmaqlarının tam açılıb-açılmayacağı və gələcəkdə fiziki qüsurla üzləşib-üzləşməyəcəyi hələ də sual altındadır.Hadisənin ən narahatlıq doğuran tərəfi isə odur ki, bu ağır xəsarətləri törətməkdə şübhəli bilinən Sahil və yanındakı digər şəxs hələ də azadlıqdadır. Bu vəziyyət zərərçəkən məktəblinin ailəsində ciddi qorxu və xof yaradıb. Çarəsiz ana bildirir ki, övladı ağır psixoloji travma alıb və həmin şəxslərin çöldə gəzməsi səbəbindən uşaq yenidən xəsarət alacağı qorxusu ilə küçəyə addım ata bilmir, evdən bayıra çıxmır.Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində müstəntiq tərəfindən araşdırma aparılır. İşin sıradan bir uşaq davası kimi qələmə verilərək obyektiv araşdırılmamasından və "nöqtə" qoyulub qapadılmasından ciddi narahatlıq keçirən gözüyaşlı ana, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə (DİN) haray salaraq kömək istəyir. O, məsələnin tam obyektiv və şəffaf şəkildə araşdırılmasını, hadisəni törətməkdə təqsirləndirilən şəxslərin azyaşlı olmalarına arxalanaraq məsuliyyətdən yayınmamasını və qanun çərçivəsində layiqli cəzalarını almasını tələb edir. Ana, ailəsinin təhlükəsizliyinin təmin olunması və ədalətin bərqərar olması üçün aidiyyatı dövlət qurumlarının bu işi xüsusi nəzarətə götürməsini xahiş edir.
















