6 universitetdən 135 tələbə Mingəçevirdə bir araya gəldi: I İnnovasiya Forumu keçirilib
1xeber.media xəbər verir ki,noyabrın 27-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə “Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində baş tutan forum gənclərin elmi-innovativ potensialını üzə çıxarmaq, startap ideyalarını dəstəkləmək və universitet–sənaye əməkdaşlığını gücləndirmək məqsədi daşıyıb.
Mingəçevir regional “ASAN xidmət” mərkəzində keçirilən açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan MDU-nun rektoru Anar Eminov bildirib ki, universitetin əsas hədəfi tələbələri mövcud texnologiyaların sadəcə istifadəçisi deyil, yeni texnoloji həllərin və innovativ məhsulların yaradıcıları kimi yetişdirməkdir.
Mərasimdə “HTech Invest” şirkətinin icraçı direktoru Orxan Nadirov, “AlievSpace”in rəhbəri Emin Əliyev və MDU-nun dekanı Aidə Mustafayeva texnoloji sahibkarlıq və gənclərin əmək bazarına hazırlanması barədə çıxış ediblər. Rəsmi hissənin sonunda MDU ilə “HTech Invest” arasında əməkdaşlıq memorandumu imzalanıb.















