Suriya hakimiyyəti Moskvadan ötən ilin dekabrında üsyançılar Dəməşqi ələ keçirdikdən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsəd və onun baş köməkçilərinin ekstradisiyasını tələb edib.
"The Times Of Israel" danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən yazır ki, bunu Suriyanın faktiki lideri Əhməd əl-Şara Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə deyib.
Nəşrin mənbələrinə görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə bir tələbin həqiqətən irəli sürülüb-sürülmədiyinə dair şərh verməkdən imtina edib. Kreml həmçinin bildirir ki, Suriyanın yeni rəhbərliyi ilə ölkədəki hərbi obyektlərini qorumaq üçün dialoqu davam etdirir. Söhbət Tartusdakı hərbi dəniz bazası və Latakiya liman şəhəri yaxınlığındakı Xmeymim aviabazasından gedir ki, onların itirilməsi Rusiyanın bölgədəki hərbi imkanlarına ciddi zərbə vura bilər.
Rusiyadan Əsədin ekstradisiya tələbi ilə bağlı məlumatı danışıqlardan xəbəri olan Suriya tərəfindəki “Reuters” agentliyi də təsdiqləyib.
Rusiya nümayəndə heyəti dekabrın əvvəlində ailəsi ilə birlikdə Moskvaya qaçan Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə yanvarın 28-də Dəməşqə gəlib. Danışıqlarda Putinin iki xüsusi nümayəndəsi iştirak edib: biri Yaxın Şərq, digəri isə Suriya üzrə. Bunlar xarici işlər nazirinin müavini Mixail Boqdanov və Aleksandr Lavrentyevdir.
Xatırladaq ki, Suriyanın faktiki lideri Əhməd əl-Şara dünəndən keçid dövrü üçün ölkə prezidenti təyin edilib.
Bundan əlavə, Suriyada parlament buraxılır və ölkə konstitusiyası qüvvədən düşmüş elan edilib. Xatırladaq ki, əş-Şara Suriyanın keçmiş prezidenti Bəşər Əsədi devirən "Heyət Təhrir əl-Şam" qruplaşmasının lideri olub.