Natali Mouravidze: EBRD Qara Dəniz sualtı elektrik kabeli layihəsində iştirak formalarını nəzərdən keçirir
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qara Dəniz Enerji Sualtı Kabel layihəsinin (Black Sea Energy) inkişafını diqqətlə izləyir və iştirak imkanlarını qiymətləndirmək üçün tərəfdaşlarla məsləhətləşmələr aparır.
Bu barədə 1xeber.media müsahibəsində EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze bildirib.
“EBRD Qara dəniz elektrik kabeli və Mərkəzi Asiya-Xəzər-Avropa enerji dəhlizi layihələrinin inkişafını yaxından izləyir. Bu regionda geniş təcrübəmiz var və layihəni dəstəkləməkdə maraqlıyıq. Lakin belə miqyaslı layihələr ciddi iqtisadi qiymətləndirmə tələb edir. Dövlət və özəl sektordan olan maraqlı tərəflərin güclü institusional dəstəyi burada mühüm rol oynayır”, - deyə N. Mouravidze vurğulayıb.
Onun sözlərinə görə, bu kimi transsərhəd enerji təşəbbüsləri əlaqələndirilmiş yanaşma, şəffaf normativ-hüquqi baza və davamlı maliyyə modeli tələb edir.
“Bu mərhələdə layihənin inkişafını izləyir və iştirakımızın mümkün formalarını müəyyən etmək üçün tərəfdaşlarla məsləhətləşirik. Dəqiq biznes modeli, sabit tənzimləmə və güclü institusional dəstək təmin olunduğu halda, maliyyə baxımından iştirakımızı nəzərdən keçirməyə hazırıq.
Azərbaycan “yaşıl elektrik enerjisi”nin ixracı üçün əhəmiyyətli potensiala malikdir və bu cür təşəbbüslər dərin regional enerji inteqrasiyası istiqamətində mühüm addımdır. Biz layihənin inkişafını maraqla izləyir və gələcək əməkdaşlığa açığıq”, - deyə EBRD rəsmisi əlavə edib.
Qeyd edək ki, “Black Sea Energy” layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda hasil edilən yaşıl enerjinin Gürcüstana, oradan isə Qara Dənizin dibi ilə çəkilən kabel vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur. Layihə çərçivəsində ildə 4 GVt yaşıl enerjinin ixracı planlaşdırılır.
Hazırda texniki-iqtisadi əsaslandırmanın hazırlanması yekun mərhələdədir. Qara Dəniz elektrik kabelin tikintisinin 3-4 il ərzində tamamlanması gözlənilir. Avropa Komissiyası layihəyə 2,3 milyard avro maliyyə ayırmağı planlaşdırır.
Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 2022-ci il dekabrın 17-də Buxarestdə "yaşıl enerji"nin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıblar. Ümumi uzunluğu 1 195 km olacaq xətt Azərbaycan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və Avropanın digər ölkələrinə çatdıracaq. 2023-cü ilin iyununda Bolqarıstan layihəyə qoşulmaq niyyətini açıqlayıb. Serbiya və Moldova da maraqlı olduqlarını bildiriblər.
Azərbaycan Mərkəzi Asiya, Qafqaz, Avropa, Xəzər və Qara dənizlərini birləşdirən vahid enerji dəhlizi yaratmaq məqsədilə Qara dənizin dibi ilə kabel çəkməyi planlaşdırır. 2024-cü ilin iyulunda Astanada Özbəkistan, Azərbaycan və Qazaxıstan “Mərkəzi Asiya – Azərbaycan – Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə protokol imzalayıblar. 2023-cü ilin dekabrında isə bu ölkələrin milli elektrik şirkətləri “Yaşıl Dəhliz” Assosiasiyasının yaradılması haqqında təsis müqaviləsinə imza atıblar.
Layihənin texniki-iqtisadi əsaslandırmasını İtaliyanın "CESI" şirkəti hazırlayacaq.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.