İyulun 3-də Avropa Komissiyası (AK) üzvləri ilə Slovakiya hökuməti və digər üzv dövlətlər arasında ölkəyə enerji təchizatı və Rusiya idxalının mərhələli şəkildə dayandırılması məsələsi ilə bağlı son danışıqlar “konstruktiv atmosferdə” keçib.
1xeber.media xəbər verir ki, bu barədə AK-nin rəsmi nümayəndəsi Anna-Kaisa İtkonen məlumat verib və qeyd edib ki, tərəflər müzakirələri davam etdirmək niyyətindədirlər.
O bildirib ki, Energetika üzrə Baş Direktorluğunun baş direktorunun rəhbərlik etdiyi AK komissiyasının yüksək səviyyəli nümayəndə heyəti Bratislavada Slovakiya Baş nazirinin müavini Denisa Sakova, eləcə də sənaye nümayəndələri, qaz şəbəkəsi operatorları və bazar iştirakçıları ilə görüş keçirib.
"Slovakiyanın üzləşdiyi problemlər məlumdur. Biz bir neçə aydır ki, həmkarlarımızla enerji qiymətləri, bazar perspektivləri, şaxələndirmə səyləri, o cümlədən alternativ tədarüklər barədə dialoq aparırıq. Bu, qaz, neft və nüvə enerjisinə aiddir. "Üzv dövlətlərimizin enerji təhlükəsizliyi məsələsi də həmişə bizim prioritetimiz olub", - İtkonen Brüsseldə keçirdiyi brifinqdə deyib.