ABŞ mediası İstanbulda gözlənilən böyük zəlzələnin dağıdıcı təsirləri ilə bağlı diqqətçəkən bir analiz yayımlayıb.
1xeber.media xəbər verir ki, mütəxəssislərə görə, milyonlarla insanın həyatı risk altındadır, şəhərin simvoluna çevrilmiş tarixi tikililər isə dağılma təhlükəsi ilə üz-üzədir.
Dünyanın ən böyük və qədim metropollarından biri olan İstanbul təkcə 16 milyonluq əhalisi ilə deyil, həm də Ayasofyadan Yerebatan sarnıcına qədər minillik tarixi ilə insanlıq tarixinin yaddaşı sayılır. Lakin bu bənzərsiz irs ciddi təhlükə altındadır. Alimlərə görə, İstanbulda hər an 7 baldan yuxarı zəlzələ baş verə bilər. Bu isə yalnız binaları deyil, bütöv bir mədəniyyəti yerlə bir edə bilər.
ABŞ-ın nüfuzlu nəşrlərindən olan "Washington Post" İstanbulun zəlzələ reallığını və tarixi tikililərin bu təhlükəyə nə qədər hazırlıqsız olduğunu vurğulayan geniş bir araşdırma yayımlayıb. Yazıda şəhərin simvoluna çevrilmiş tikililərin böyük bir sarsıntıya tab gətirə bilməyəcəyi ifadə olunur.
Mütəxəssislərə görə, ən riskli tikili Ayasofyadır. 1500 illik bu monumental abidə əvvəllər bir çox zəlzələyə davam gətirsə də, növbəti böyük sarsıntının onu da çökdürə biləcəyi bildirilir.
Ətraflı
"Ayasofya kimi ağır və nəhəng tikililərə sismik izolyator yerləşdirmək demək olar ki, qeyri-mümkündür", deyə amerikalı geofizik Tomas L. Prat
təhlükənin böyüklüyünə diqqət çəkib.
Risk altında olan abidələr yalnız Ayasofya ilə məhdudlaşmır. Xəbərdə qeyd olunur ki, yeraltı nəhəng tikili olan Yerebatan sarnıcı da güclü zəlzələ zamanı ciddi zədələnə bilər. Sarnıcın torpaq mayeləşməsi və çökmə ehtimalına qarşı olduqca həssas olduğu vurğulanır.
Eyni zamanda Osmanlı dövründən qalan və bu günə qədər gəlib çıxan "Çinili hamam" kimi tikililərin də risk altında olduğu bildirilib. Bəzi bərpa işləri başa çatsa da, bu tikililərin sismik möhkəmləndirmə baxımından yetərincə təhlükəsiz olmadığı qeyd olunur.
Türkiyəli və xarici ekspertlər İstanbulun sanki zamanla partlayacaq bir bomba üzərində yerləşdiyi fikrində həmrəydirlər. "Washington Post" qəzetinə danışan zəlzələ mütəxəssisləri, şəhərin tarixi bölgələrində yerləşən yüzlərlə tikilinin xaricdən baxıldıqda sağlam görünsə də, ən kiçik sarsıntıda belə tamamilə dağılacağını irəli sürürlər.