Prezidentliyə namizəd Kavelaşvilidən ilk açıqlama
“Gürcüstan ictimaiyyətini milli maraqlar və ölkənin müstəqilliyi ideyası ətrafında birləşdirmək niyyətindəyəm”.
1xeber.media “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından prezidentliyə namizəd Mixail Kavelaşvili deyib.
“Sözsüz ki, Gürcüstan prezidenti vəzifəsinin nə qədər məsuliyyətli olduğunu dərk edirəm, xüsusilə də hazırkı prezidentin bizim əsas sənədimiz – Gürcüstan Konstitusiyasını təhqir və qulaqardı etməsi fonunda. O, bu gün də Konstitusiyanı pozmağa davam edir”, - deyə Kavelaşvili qeyd edib.
O əlavə edib ki, bu gün cəmiyyət qarşıdurma vəziyyətindədir, “dostlar” isə ölkədə qütbləşməni və radikallaşmanı qızışdırır və gücləndirir: “Buna görə də, əsas məqsəd və missiyalardan biri prezident institutunu Konstitusiya çərçivələrinə qaytarmaq olacaq. Bizim tam qaydasında olan Konstitusiyamız və çox məsuliyyətli prezident institutumuz var. Əsas odur ki, Gürcüstan prezidenti cəmiyyəti birləşdirən olsun”.
Xatırladaq ki, “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvili 53 yaşlı Mixail Kavelaşvilinin hakim partiyadan prezidentliyə namizəd olacağını açıqlayıb.
Onu da qeyd edək ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Ölkənin hazırkı Prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti bu payız başa çatır.
Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-sı baş tutan parlament seçkilərindən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək
Qafqazinfo