Rumınya əmindir ki, Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün kritik əhəmiyyət kəsb edir.
Bunu “Report”a eksklüziv müsahibəsində Rumıniyanın yeni təyin olunmuş energetika naziri Boqdan-Qruya İvan deyib.
“Onlara həm böyük həcmdə əlavə qaz, həm də yeni tədarükçülər lazımdır. Bu dövlətlərin mövcud marşrutlara etibarlı alternativə ehtiyacı var və onların bir çoxu genişləndirilmiş SGC şəbəkəsinə inteqrasiya oluna bilən infrastruktura malikdir”, - nazir izah edib.
O, əsas obyektlər arasında BRUA qaz kəməri, Yassı-Ungenı-Kişineu interkonnektoru, Transbalkan dəhlizi ilə əks axın, həmçinin qonşu ölkələrlə etibarlı sistemlərarası bağlantıları qeyd edib: “Hazırda Qara dəniz-Podişor qaz kəməri və genişləndirilmiş Arad-Seged interkonnektoru kimi yeni mühüm layihələr həyata keçirilir ki, bunlar da Qara dəniz akvatoriyasından, Xəzər regionundan, eləcə də Türkiyə və Yunanıstandakı LNG terminalları vasitəsilə Mərkəzi və Şərqi Avropaya qaz tədarükü imkanlarını daha da gücləndirir”.
B.İvan Avropanın sabit və şaxələndirilmiş enerji mənbələrinə kəskin ehtiyac duyduğu bir vaxtda Rumıniya Azərbaycanın qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.
“Azərbaycan SGC-nin inkişafında mühüm rol oynayır və Avropa bazarına tədarük həcmlərini ardıcıl şəkildə artırır. SGC son dörd il ərzində özünü etibarlı və strateji cəhətdən mühüm qaz nəqli sistemi kimi təsdiqləyib. Bu gün davam edən çağırışlar fonunda o, Avropanın enerji resursları ilə təmin edilməsində daha əhəmiyyətli rol oynamalıdır və buna qadirdir”, - nazir əlavə edib.
Bu irimiqyaslı layihə Azərbaycan qazının ixrac coğrafiyasının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından qarşılıqlı faydalıdır.
“İştirakçı ölkələr bu genişləndirmə layihəsinin doğuracağı bütün aspektləri əvvəlcədən hərtərəfli təhlil etməli və onun həyata keçirilməsi üçün birgə səy göstərməlidir. Əlbəttə, enerji sahəsində qeyri-sabit və proqnozlaşdırılması mümkün olmayan bir vəziyyətdə bu layihənin uğurla həyata keçirilməsi üçün ümumi siyasi baxış, qətiyyət və səylərin koordinasiyasına hazırlıq əsas şərtlərdir”, - B.İvan vurğulayıb.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.