Naməlum kibercinayətkarlar Venesiya kinofestivalının serverlərinə hücum edib.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat verib.
Məlumata görə, hakerlər sındırdıqları serverlərdən bu ilki kinofestivalda iştirak üçün akkreditasiya almış şəxslərin məlumatlarını oğurlayıblar. Söhbət adlardan, telefon nömrələrindən, elektron poçt ünvanlarından, ənənəvi poçt ünvanlarından və vergi məlumatlarından gedir.
Kinofestivalın təşkilatçıları əmin edirlər ki, onların IT mütəxəsisləri operativ şəkildə müdaxilə edərək zərərçəkmiş sistemləri izolasiya edib və onların təhlükəsizliyini təmin edib. Ardınca səlahiyyətli orqanlar məlumatlandırılıb və bərpa işlərinə başlanılıb.
Qeyd edək ki, 82-ci Venesiya kinofestivalı 27 avqust 6 sentyabr tarixlərində Lido adasında keçiriləcək. Əsas konkursun münsiflər heyətinə tanınmış amerikalı rejissor, ikiqat “Oskar” mükafatçısı Aleksandr Peyn başçılıq edəcək.