Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı 2019-cu ildən bəri 200 mindən çox artıb.
1xeber.media “Guardian”a istinadla xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə 1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışıb. Bu göstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29 milyon nəfərlə müqayisədə 100 min nəfər çoxdur.
Həmçinin, ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismən ştatla dördgünlük iş rejiminə keçib. Beləliklə, tam və qismən ştat üzrə dördgünlük iş rejimində çalışanların ümumi sayı 2,7 milyon nəfərə çatıb ki, bu da ölkə üzrə işçi qüvvəsinin 10,9 faizini təşkil edir. 2019-cu ildə bu göstərici 9,8 faiz olub.
Mütəxəssislər hesab edir ki, dördgünlük iş rejimi işçilərə daha çox istirahət imkanı verir, psixoloji sağlamlığı qoruyur və iş yerlərində motivasiyanı artıraraq kadrların saxlanmasına müsbət təsir göstərir.