Avropada gellakların əsas tərkib hissəsi qadağan olunub. Məsələ ondadır ki, bu maddə dırnaq örtüyünün ultrabənövşəyi şüa altında tez bərkiməsini və rənginin uzun müddət qalmasını təmin edirdi. Lakin tədqiqatçılar onun sonsuzluğa səbəb ola biləcəyini açıqlayıblar.
1xeber.media xəbər verir ki, "The Independent"in yazdığına görə, 1 sentyabrdan etibarən Avropa İttifaqının əksər ölkələrində kosmetik məhsullarda trimetilbenzoyl difenilfosfin oksid (TPO) istifadəsi qadağan edilib. Maddə potensial olaraq insan sağlamlığı üçün toksik hesab olunur.
Heyvanlar üzərində aparılmış araşdırmalar TPO-nun uzunmüddətli məhsuldarlıq problemlərinə yol aça biləcəyini göstərib. Buna görə də Aİ qərara gəlib ki, araşdırmalar tam başa çatana qədər həmin maddənin istifadəsi dayandırılsın.
Qərara əsasən, Aİ-nin 27 üzv ölkəsində, eləcə də Norveç və İsveçrə kimi Avropa standartlarını tətbiq edən dövlətlərdə TPO tərkibli gellaklar dövriyyədən çıxarılmalı və təhlükəsiz şəkildə utilizasiya olunmalıdır. İstehsalçılar isə məhsulun formulasını dəyişməyə və daha təhlükəsiz variant təqdim etməyə məcburdurlar.
Məlumatda qeyd olunur ki, ABŞ-da TPO istifadəsi hələ də qanunvericiliklə tənzimlənmir. Lakin Avropadakı qadağa Amerika gözəllik sənayesinə də təsir edə bilər. Çünki Avropaya ixrac edən və ya Avropa bazarı üçün məhsullarını yenidən formalaşdıran şirkətlər eyni dəyişiklikləri ABŞ bazarında da tətbiq edə bilərlər.
Böyük Britaniyanın CPTA sənaye assosiasiyasının nümayəndəsi Françeska Rapolla bildirib ki, bəzi hallarda şirkətlər Aİ qaydalarından istisna ala bilər. Lakin TPO ilə bağlı bu mümkün olmayıb, çünki onun təhlükəsizliyi sübut olunmayıb və hazırda tam əvəzləyici alternativ yoxdur.
Bununla yanaşı, sahədə fərqli mövqelər də var. Kaliforniyalı elmi məsləhətçi Duq Şun açıq məktubunda bildirib ki, TPO-nun qadağan edilməsinin riskləri elmi əsaslarla yetərincə qiymətləndirilməyib.
Qeyd edək ki, elm adamları digər gündəlik məhsulların da sağlamlıq üçün təhlükələr yaratdığını açıqlamışdılar. Çin və Portuqaliya alimlərinin araşdırmalarına görə, şəkərli qazlı içkilərin mütəmadi istifadəsi saç tökülməsi riskini əhəmiyyətli dərəcədə artırır. Bundan başqa, yaxın vaxtlarda aparılmış yeni araşdırmalar bəzi isti içkilərdə gözlənildiyindən daha çox mikroplastik aşkarlandığını da üzə çıxarıb.