Ukraynanın Rusiya neft-qaz infrastrukturuna zərbələr kampaniyası Rusiyanı yalnız öz təcavüzünün əsas maliyyə mənbəyindən məhrum etmir, həm də arxa cəbhədə sosial-siyasi vəziyyəti elə bir həddə sarsıdır ki, bu, 1917-ci il Fevral inqilabının ərəfəsindəki daxili destabilizasiyanı xatırladır.
1xeber.media xəbər verir ki, bu barədə "Forbes” yazır.
Nəşr qeyd edir ki, Ukrayna bu zəif nöqtədən hədəf almağa hələ 2023-cü ilin sonunda cəhd etmişdi. Lakin o zaman Bayden administrasiyası dünya neft qiymətlərinin artacağından ehtiyat edərək, faktiki olaraq Kiyevin bu strategiyasına veto qoymuşdu.
2025-ci ilin yayında Ukrayna Rusiya neft emalı zavodları və boru kəmərlərinə yeni zərbələr kampaniyasına başladı. Bu dəfə Vaşinqton belə hücumlara qarşı çıxmadığından kampaniya əhəmiyyətli nəticələr verdi: müxtəlif məlumatlara görə, Rusiya neft emalının 17–20 faizini itirdi.
Bu isə ölkə daxilində yanacaq qıtlığına və qiymətlərin artmasına səbəb oldu, Kremlin üzərinə sosial təzyiqi gücləndirdi, çünki sadə rusiyalılar müharibənin nəticələrini daha dərindən hiss etməyə başladılar.
"Ukrayna dronlarının neft emalı zavodlarına zərbələri elə bir nəticə verir ki, sanksiyaların özü buna nail ola bilməmişdi. Moskva Qərbin sanksiyalarına uyğunlaşma yolları tapdı, amma hələ ki, Ukrayna dronlarından etibarlı müdafiəsi yoxdur”, deyə Ukrayna Müdafiə Nazirliyinin keçmiş müşaviri Sergey Kuzan izah edir.
"Forbes” yazır ki, Rusiya təbliğatı bir çox bölgələrdəki yanacaqdoldurma məntəqələrində növbələri gizlədə bilmir, amma bunu mövsümi tələbatın artması və NQZ-lərdə planlaşdırılmamış təmir işləri ilə izah etməyə çalışır. Yalnız bəzən etiraf olunur ki, həmin "təmir işlərinin” səbəbi Avropa hissəsi üzərində sərbəst uçan dron qalıqlarının dağıdıcı təsiridir.
Bütün bunlar Rusiyada ümumi iqtisadi vəziyyətin tədricən pisləşməsi fonunda baş verir. Müəllifin qeyd etdiyinə görə, bu hücumların özü müharibəni dayandırmayacaq, amma onun trayektoriyasını müəyyənləşdirir.
"Putin özünü tez-tez imperiyanı bərpa edən çarların varisi kimi təqdim edir. Amma o, I Dünya müharibəsi zamanı II Nikolayı xatırlamalıdır – həddindən artıq uzanan cəbhələr və daxildəki qıtlıq ölkədəki iğtişaşları xaricdəki düşmən qədər təhlükəli etmişdi”, deyə "Forbes" yekunlaşdırır.