Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ humanitar yardımların sürətlə çatdırılmasına şərait yaradılması məqsədilə Sudanda üç aylıq atəşkəsə çağırış ediblər.
1xeber.media Səudiyyə Ərəbistanının xəbər agentliyinə istinadən xəbər verir ki, bu, ABŞ-ın dəvəti əsasında, Səudiyyə Ərəbistanının, Misirin, BƏƏ-nin və ABŞ-ın xarici işlər nazirlərinin Sudandakı münaqişə ilə bağlı apardıqları intensiv məsləhətləşmələrin nəticəsi olaraq qəbul etdikləri birgə bəyanatda əks olunur.
Birgə bəyanatda Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişənin “dünyanın ən ağır humanitar böhranına” səbəb olduğu, regional sülh və təhlükəsizliyi təhdid etdiyi qeyd olunub. Vurğulanıb ki, böhranın hərbi yolla həlli yoxdur.
Nazirlər bu mövzuda məsləhətləşmələri bu ay keçiriləcək nazirlərin dördtərəfli görüşündə davam etdirmək barədə razılığa gəliblər.