"Google" şirkətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb. Şirkətin axtarış sisteminə əlavə etdiyi süni intellekt cavabları – "AI Overviews" funksiyası media qurumlarının narazılığına səbəb olub. İddianı "Rolling Stone", "Variety" və digər nəşrlərə sahib olan "Penske Media Corporation" qaldırıb.
1xeber.media xəbər verir ki, "AI Overviews" istifadəçilərin sorğularına qısa, ümumiləşdirilmiş cavablar təqdim edir və axtarış nəticələrinin yuxarı hissəsində göstərilir. Nəşriyyat nümayəndələrinin sözlərinə görə, bu funksiya saytlara daxilolmaları azaldır və jurnalistləri qanunsuz olaraq reklam gəlirlərindən məhrum edir. Onların hesablamalarına görə, hazırda "Google"da "Penske" resurslarına yönləndirilən sorğuların təxminən 20 faizində süni intellekt cavabları göstərilir və bu göstəricinin artacağı gözlənilir.
"Google" isə ittihamlarla razılaşmır. Şirkət bildirir ki, süni intellekt dəstəyi ilə axtarış daha faydalı olub və istifadəçilər xidmətdən daha çox yararlanmağa başlayıblar.
"Engadget"in məlumatına görə, "Google"un axtarışdakı süni intellekt yanaşması ilə bağlı iradlar əvvəllər də səsləndirilsə də, "Penske Media Corporation" bu səbəbdən məhkəməyə müraciət edən ilk böyük ABŞ nəşriyyatıdır.
Bundan əlavə, sosial şəbəkələrdə "AI Overviews" tərəfindən yaradılan qeyri-adi və bəzən yanlış cavab nümunələri də paylaşılır. Mütəxəssislər bildirirlər ki, məhdud və ya əlaqəsiz məzmun əsasında cavablar yaradıla bilər. "Google" komandası belə halları azaltmaq üzərində işlədiyini açıqlayıb.
Xatırladaq ki, bu ayın əvvəlində Avropa İttifaqı "Google"-a rəqabət qaydalarını pozduğuna görə təxminən 3 milyard avro cərimə kəsib. ABŞ prezidenti Donald Tramp isə buna etiraz edərək Avropanı sərt nəticələrlə hədələyib.