1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin silah-sursat ehtiyatlarını artırmaq məqsədilə müttəfiq dövlətlərə sursat satışının müvəqqəti dayandırıldığını açıqlayıb.
Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda istehsal olunan sursatlar ilk növbədə ABŞ-ın öz ehtiyacları üçün saxlanılır. Ehtiyatlar lazımi səviyyəyə çatdırıldıqdan sonra müttəfiqlərə satışın bərpa edilməsi nəzərdə tutulur.
ABŞ lideri əvvəlki prezident Co Baydenin dövründə Ukraynaya ödənişsiz hərbi yardım göstərilməsini də tənqid edib. Tramp bildirib ki, hazırkı administrasiya Avropa müttəfiqlərindən Amerika istehsalı olan silahların pulunu ödəməyi tələb edir.
O, ABŞ-da “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin və “Tomahawk” qanadlı raketlərinin istehsalının rekord həddə çatdığını iddia edib. Bununla belə, sursat satışının nə vaxt bərpa olunacağı barədə konkret tarix açıqlamayıb.
Bu qərar ABŞ-ın hərbi ehtiyatlarının artırılmasına və müttəfiqlərlə silah ticarəti siyasətinə təsir göstərə bilər. Sursat ehtiyatlarının bərpasının nə qədər vaxt aparacağı isə hələ məlum deyil.














