BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıdakı 29-cu sessiyasında (COP29) elan edilmiş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” çərçivəsində əldə edilən nəticələrin 2025-ci ildə Braziliyada keçiriləcək COP30 zamanı təqdim olunması planlaşdırılır.
1xeber.media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə keçirilən “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.
O vurğulayıb ki, COP29-da fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi məqsədi ilə “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü"nün işə salınması rəsmi şəkildə elan edilib:
“Bu, çox uğurlu təşəbbüsdür. Hazırda bu təşəbbüsün məqsədlərinə nail olmaq üçün bütün zəruri tədbirləri həyata keçirməyə çalışırıq”.
L.Cabbarlı əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə bir sıra uğurlu layihələr icra edib:
“Bu çərçivədə FAO-nun Türkiyə ofisi ilə birgə müxtəlif layihələr həyata keçirilib. O cümlədən Türkiyənin Meşəçilik Nazirliyinin dəstəklədiyi qida itkisi və tullantılarının azaldılmasına yönəlmiş çox uğurlu bir layihə reallaşdırmışdıq”.