Son günlər mal və quzu əti ətrafında gedən müzakirələrdə ortaya çıxan suallardan biri də qiymətlər arasında fərqin olmasıdır. İnsanlar quzu ətinin mal əti ilə müqayisədə baha olduğunu bildirirlər.
1xeber.media xəbər verir ki globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, quzu ətinin qida dəyəri, dadı və yağlılıq səviyyəsi qiymətlərə təsir edir:
“Ən çox satılan kabablar quzu ətindən hazırlanır. Qiymətlərin yüksək olması normaldır. Amma dana əti bundan geri qalmır, xüsusilə can ətini vurğulamaq lazımdır. Onu bazarda 25-30 manata ala bilərsiniz. Heyvanın böyüklüyündən asılı olaraq danadan əldə olunan can əti 1,5-3 kilo aralığında dəyişir. Yağsız və yumşaq olması isə dadına təsir edir, həmçinin dietik hesab olunur”.
Ekspert dünyanın ən bahalı ətindən də söz açıb:
“Bu, vaqyu ətidir. Yaponiyada xüsusi yetişdirilmiş danalardan əldə edilir. Onlara musiqi dinlədilir, masaj edilir və hərəkətsiz saxlanılır. Kilosu isə 300-500 dollar (510-850 manat) aralığında dəyişir”.